
Filippin polisi keçmiş prezident Rodriqo Duterteni (2016-2022) həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Filippin prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında insanlığa qarşı cinayətlərə görə həbs edilib.
Duterte 11 mart 2025-ci il saat 09:20-də (Bakı vaxtı ilə saat 05:20) “Cathay Pacific CX 907” reysi ilə Honq-Konqdan Manilaya gəldikdən sonra hava limanında saxlanılıb.
Qərarı icra edən Filippin Milli Polisi Dutertenin hazırda həbsdə olduğunu təsdiqləyib.
Qeyd edək ki, 15 sentyabr 2021-ci il tarixində BCM-nin Məhkəməyə qədər Palatası prokurorların Filippində narkotiklərlə mübarizə zamanı cinayətlərə dair tam istintaqın açılması tələbini təsdiqləyib.
Prokurların iddiasına görə, Duterte tərəfindən narkotik ticarətinə qarşı elan edilən mübarizə çərçivəsində narkotik maddələrdən istifadə etdiklərinə və ya satdıqlarına görə 12 minlə 30 min arasında filippinli edam edilib. Qətllər əsasən 2011-ci il noyabrın 1-dən 2019-cu il martın 19-dək həyata keçirilib.
Prokurorlar bəzi hadisələrin polis əməliyyatları zamanı icra edilən məhkəməsiz qətllər olduğunu bildiriblər.