
“Tesla” səhmlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasından sonra İlon Maskın sərvəti bir gündə 8,8 milyard dollar azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İndependent” qəzeti məlumat yayıb.
Şirkətin səhmlərinin qiyməti ABŞ Prezidenti Donald Trampın “Tesla”nın elektrik avtomobilləri hissələrinin idxal olunduğu Kanada məhsullarına yeni rüsumlar tətbiq etməsindən, həmçinin “Tesla”nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazar olan Çindən gələn mallara yüksək rüsumlar tətbiq etməsindən sonra düşüb.
Dekabrda bir səhmin qiyməti 479 dollara çatıb. Cümə axşamı ticarətin bağlanmasından sonra bir səhmin qiyməti 261 dollara düşüb.
Ümumilikdə, Maskın aktivləri 2024-cü ilin dekabrından 121 milyard dollar azalıb, lakin Maskın planetin ən varlı adamı statusunu itirməsi üçün nəşrə görə daha 116 milyard dollar itirməlidir.
Aktivlərinə görə Maskdan sonra növbəti ən varlı şəxs sərvəti 226,7 milyard dollar dəyərində qiymətləndirilən “Meta” Korporasiyasının baş direktoru Mark Zukerberqdir.
Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq edib, həmçinin Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırıb.
Xatırladaq ki, Tramp fevralın 1-də Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflərin tətbiqi haqqında sərəncam imzalayıb. Çindən idxala 10%-lik tariflər fevralın 4-də qüvvəyə minib, Kanada və Meksika məhsullarına rüsumlar isə həmin ölkələrin hökumətləri ilə danışıqlara qədər bir ay təxirə salınıb.