
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı əldə etmək, o cümlədən ABŞ-nin Qərb yarımkürəsində təsir dairəsini genişləndirmək məsələsində ciddidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp çətin ki, Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücə əl atsın. Bununla belə, “Reuters”in həmsöhbətləri qeyd edirlər ki, Tramp başqa vasitələrdən istifadə etməyə hazırlaşır - məsələn, Danimarkaya diplomatik və ya iqtisadi təzyiq göstərmək kimi.
İddiaya görə, 5 noyabr prezident seçkilərində qalib gəldikdən sonra Trampın yaxın ətrafı tərəfindən tərtib edilən xarici siyasət prioritetləri siyahısında “Qrenlandiyanın alınması” da olub.
Agentlik yazır ki, Tramp ilk prezidentlik müddətində Qrenlandiyanı əldə etmək imkanından qısaca bəhs etsə də, son şərhləri artıq onun istəyinin keçib gedən bir fantaziya deyil, köklü bir istək olduğunu göstərir.
Qeyd edək ki, keçən ilin sonlarında yeni seçilmiş prezident Vaşinqtonun Qrenlandiyaya nəzarət etməli olduğunu bildirmiş, buna cavab olaraq Qrenlandiyanın Baş naziri Mute Egede: “Biz satılmamışıq və heç vaxt da satılmayacağıq”, - demişdi.
Digər tərəfdən, 2019-cu ildə də Amerika mediası Trampın Danimarkanın tərkibində olan Qrenlandiyanı əldə etmək imkanı ilə maraqlandığını yazmış, bundan sonra krallığın səlahiyyətliləri bu fikri absurd adlandıraraq, Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etmişdilər. O zaman Danimarkanın Baş naziri Mette Frederiksen “Qrenlandiyanın qrenlandiyalılara məxsus olduğunu” qeyd etmişdi.