Büşra Bibi ev dustaqlığından imtina etdi – İmran Xanın olduğu həbsxanaya köçürüləcək


İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın həyat yoldaşı Büşra Bibinin ev dustaqlığından siaysətçinin saxlandığı “Adiala” həbsxanasına köçürülməsi ilə bağlı vəsatətini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Məlumata görə, buna qədər Büşra Bibi Ali Məhkəmənin “əlavə həbsxana” elan etdiyi İslamabaddakı ailə iqamətgahında xarici hədiyyələrin satışı ilə bağlı fırıldaqçılıq və saxtakarlığa görə “həbsdə” olub. Ancaq o, evini “əlavə həbsxana” hesab etməkdən imtina edib və İmran Xanın cəzasını çəkdiyi “Adiala” həbsxanasına köçürülməsini tələb edib.
Həbsxana rəhbərliyi buna qədər həbsxananın keçmiş baş nazirin həyat yoldaşının təhlükəsizliyi üçün təhlükə yaradacağını əsas gətirib və bu addıma qarşı çıxıb.
Qeyd edək ki, bu ilin yanvar ayında keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək, xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın əvvəlində məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qeyri-qanuni nikaha daxil olmaqda təqsirli bilib və onları 7 il müddətinə azadlıqdan məhrum edib.
Xanın dövlət sirrini pozmaqda şübhəli bilindiyi istintaq o, 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq elan etdikdən sonra başlayıb. Siyasətçinin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətdə 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə ediblər.
Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top