Fransalı jurnalist fransız hərbçilərin Donbassda olduğunu iddia edir


Qondarma Donbass Xalq Respublikasında yaşayan və işləyən Fransadan olan hərbi müxbir Kristel Nean fransız hərbçilərinin artıq Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşdüklərinə əmin olduğunu bidirib.
Yeniavaz.com
xəbər verir ki, o, TASS-a verdiyi müsahibədə bunların Fransa ordusunun peşəkar hərbçiləri və ya keçmiş əsgərləri olduğuna əminliyini ifadə edib.
“Mən demək olar ki, Ukraynada döyüş meydanında fransız əsgərlərinin olduğuna əminəm. Çünki “Sezar” özüyeriyən artilleriya qurğularını Ukrayna hərbçiləri təlimsiz idarə edə bilməz”, - Nean deyib.
O, əlavə edib ki, hazırda Ukraynada insanları faktiki olaraq küçədən səfərbər edirlər, onlara cəmi iki-üç həftə təlim keçir və səfərbərlik çərçivəsində cəbhəyə göndərirlər.
“Məsələyə obyektiv yanaşsaq, siz üç həftəlik təlimdən sonra özüyeriyən silahlardan istifadə edə bilməzsiniz. Deməli, bu qurğulardan başqa, daha təcrübəli biri istifadə edir. Aydın görünür ki, bunlar artıq döyüş təcrübəsi olan, özüyeriyən silahlardan istifadə edən insanlardır. Bu o deməkdir ki, onlar ya peşəkar hərbi qulluqçular, ya da keçmiş əsgərlərdir. Ona görə də düşünürəm ki, döyüş meydanında artıq fransız əsgərləri var”, - Nean bildirib.
O qeyd edib ki, bunu Xarkovda muzdlulara hücumdan sonra Fransa səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması da göstərə bilər. Neanın sözlərinə görə, hazırda Ukraynada fransız hərbi qulluqçularının kiçik qrupları ola bilər, çünki bu, Fransanın siyasi rəhbərliyi üçün daha az risk təşkil edir.
“İndi böyük bir qrup göndərmək Makron üçün böyük risk olar. Əgər onlar kütləvi şəkildə ölsələr, o, cavab vermək məcburiyyətində qalar”, - Nean əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Fransa lideri Britaniyanın “The Economist” jurnalına müsahibəsində Rusiya qoşunlarının cəbhə xəttini yaracağı təqdirdə, Kiyevin tələbi ilə Ukraynaya qoşun göndərmək məsələsinə baxmağın vacib olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top