Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı


Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, mərasimdə Azərbaycan Ordusunun, Türkiyə və Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti, həmçinin hər iki ölkənin respublikamızdakı səfirləri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.
2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti də bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başlayıb.
Xatırladaq ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.

DİGƏR XƏBƏRLƏR

Top