Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər


Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişir.
Yeniavaz.com
xəbər verir ki, unun topdansatışı ilə məşğul olan 22 şirkət və 1 fiziki şəxsin yarıdan çoxu – 13-ü 50 kiloqramlıq un kisəsini 26,4 manata təqdim edir.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 26 manata “Dəvəçi-Taxıl” MMC və “Dəvəçi-Dəyirman” MMC, ən baha qiymətə – 28,5 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satır.
Qeyd edək ki, ötən ilin yanvar ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 37-38,5 manat arasında dəyişib.
Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 30% ucuzlaşıb.
Maraqlıdır ki, ötən ilin əvvəlindən bu günə kimi unun qiymətində 30%-ə yaxın ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə ötən ilin yanvar ayında 1 kiloqram çörəyin qiyməti 1,34 manat olub. Bu ilin aprel ayının əvvəlinə olan rəsmi məlumatda isə göstərilir ki, 1 kiloqram çörəyin qiyməti 1,19 manat təşkil edib.
Açıqlanan rəsmi məlumatdan da göründüyü kimi ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi 1 kiloqram çörəyin qiyməti cəmi 11% ucuzlaşıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top