Nazim Bəydəmirlinin həbs müddəti yenə uzadıldı


Sabiq deputat Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Yeniavaz.com
xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və Nazim Bəydəmirli barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay uzadılıb.
Xatırladaq ki, 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) çağırılaraq saxlanılıb. O, ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.
Qeyd edək ki, bu ilin yanvar ayında onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top