Sağlam əzələ, sağlam bədən...


İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatəlidir. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Əzələlər bədənin ayrı-ayrı hissələrini və ya bütün hissələrini hərəkətə gətirir. Əzələlər əzələ liflərindən təşkil olunur. Əzələ lifləri isə birləşdirici toxuma qatı ilə birləşərək, əzələ dəstələri əmələ gətirir.
Bədənimizdə irili-xırdalı 500-dən çox əzələ var. Bu əzələlərdən bəziləri kiçik (məsələn, göz əzələlərimiz kimi), bəziləri isə böyükdür (məsələn, ayaq əzələlərimiz kimi). Əzələlərimizin vəzifəsi enerjini gücə çevirmək və bunu bütün həyatımız boyu fasiləsiz yerinə yetirməkdir.
Əzələləri fəaliyyətə gətirən qan damarları və sinirlərdir. Qan damarları əzələləri oksigenlə, sinirlər isə əzələləri hərəkətlə təmin edir. Bədənimizdəki əzələlərin bəziləri idarə edilən, bəziləri isə idarə edilməyəndir. İdarə edilən əzələlər skeletlə bağlı olan əzələlərdir. Biz hərəkət etdikcə sümüklərlə birlikdə bu əzələlər də hərəkət edir. Ürək və mədə əzələlərimiz isə idarə edilməyən əzələlərdir. Bunlar biz heç bir hərəkət etməsək də, öz-özlərinə hərəkət edirlər. Hətta, ürək və mədə əzələlərimiz biz yuxuda olanda belə, öz vəzifələrini yerinə yetirirlər.
Bədənimizdəki bəzi əzələlər isə həm bizdən asılı olaraq, həm də bizdən asılı olmayaraq fəaliyyət göstərirlər. Məsələn, göz qapaqlarımız buna misal ola bilər. Ümumiyyətlə isə, insanın təkcə üzündə 40-dan çox əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar meydana gəlir. Başqa heç bir canlının üzündə bu qədər əzələ yoxdur. İnsanın ən hərəkətli əzələləri isə göz əzələləridir. Göz əzələləri gündə təqribən 100.000 dəfə yığılır. Ən güclü əzələlər çənə, ən böyük əzələlər isə omba əzələləridir.
Əzələlərimizi imkanlarından artıq işləməyə məcbur etmək, əvvəlcə hərəkətimiz çətinləşdirmək, sonra isə dayandırmaq deməkdir. Buna səbəb toxumalarda yığılan laktik turşusunun əzələləri yormasıdır. Əzələlərin laktik turşusundan azad olması üçün isə oksigen lazımdır. Çox yorulanda tez-tez nəfəs almağımız da elə bununla bağlıdır. Başqa sözlə, əgər yorğunluğa səbəb olan bu maddə qanın daşıdığı oksigenlə təmizlənməsə, əzələ işləyə bilməz.
Əzələlərin həm anatomik strukturlarına, həm də iş xüsusiyyətlərinə görə isə üç növü mövcuddur. Bunlar, uyğun olaraq, eninəzolaqlı əzələlər, saya əzələlər və ürək əzələləridir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top