12 millimetrlik balığın 140 desibel səs çıxardığı kəşf olundu – Video


Alman alimləri kiçik, şəffaf balıqların beton səthləri dağıtmaq üçün istifadə olunan mexaniki çəkic qədər yüksək səs çıxardığını kəşf ediblər.
Yeniavaz.com
“BBC News”a istinadla xəbər verir ki, laboratoriyalarındakı balıq akvariumundan gələn sirli səslər alimləri araşdırma aparmağa sövq edib.
Araşdırma nəticəsində “Danionella cerebrum” adlı balığın güclü səs çıxardığı məlum olub. Alimlər balığın bu səsi üzgüçülük kisəsi adlanan orqanı vasitəsilə çıxardığını müəyyən ediblər. Onlar “Danionella”nın təqribən 140 desibel gücündə səs çıxardığını aşkara çıxarıblar.
Tədqiqatçılar hesab edirlər ki, 12 mm uzunluğu olan bir balıq növü üçün bu səs indiyə qədər kəşf edilən ən yüksək səsdir. Tədqiqatçılar bu səsin kiçik balığın digər balıqlarla ünsiyyət forması ola biləcəyini ehtimal edirlər.
Təbiətdə adətən heyvan nə qədər böyük olursa, səsi də o qədər yüksək olur. Ancaq yeni kəşf suyun altında vəziyyətin bir qədər fərqli olduğunu göstərir.
“Danionella” balığı şəffaf oluğu üçün onun şəffaflığı beyninin necə işlədiyini görməyə və davranışlarını yaxından öyrənməyə imkan verir,
Alimlər məsafə artdıqca səsin zəiflədiyini, buna görə də, bir metr məsafədə təxminən 108 desibelə düşdüyünü bildiriblər. Hətta bu səs belə təxminən bir buldozerin çıxardığı səsə bərabərdir.
Bu səsin çox hissəsi suya geri əks olunur, buna görə də, insanlar akvariumun yanında dayananda bu impulsları davamlı vızıltı səsi kimi eşidirlər.
Qeyd edək ki, təbiətdə təxminən 200 desibelə qədər səs çıxara bilən balıqlar olsa da (məsələn, “Plainfin Midshipman”, “Black Drum” balıqları kimi), onlar ölçülərinə görə, “Danionella”dan çox böyükdürlər.
Xatırladaq ki, “Danionella” Myanmadakı Baqo Yoma dağ silsiləsi boyunca axıntılarda yaşayan kiçik balıq növüdür. Dünyadakı onurğalılar arasında məlum olan ən kiçik beyinə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top