Müəllimə töhmət verilməsinin səbəbi açıqlandı - YENİLƏNİB

Bakıda 165 nömrəli məktəbdə şagirdlərin qeyri-etik görüntülərinin yayılması, bununla əlaqədar fənn müəlliminin töhmət alması ilə bağlı müzakirələr səngimək bilmir.

Yeniavaz.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da sosial şəbəkə hesabında müzakirələrə münasibət bildirib.

“Cəmiyyətin bir parçası olan, müəllimi də, şagirdi də, direktoru da cəmiyyətin üzvlərindən ibarət olan məktəbdə baş verən hadisələrə ictimai maraq təbiidir. Bununla belə, bir daha 165 nömrəli məktəbin bir neçə şagirdinin uyğun olmayan hərəkətlərini əks etdirən videogörüntü ilə bağlı görülmüş tədbirlərə aydınlıq gətirməyin lazımlı olduğunu düşündüm.

Əziz dostlar, hər birinizin fikrinə hörmətlə yanaşıram. Ancaq məlumdur ki, müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır. Həmin görüntülərdən çıxan ilk nəticə budur ki, müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib.

Uşaqların davranışı qəbulolunan deyil. Ancaq müəllim buna etiraz etməli, normal iradlar bildirməli, laqeyd qalmamalıdır. Ən kritik məqamda direktor müavini, direktor məlumatlandırılmalı, birgə tədbirlər görülməlidir.

Uşaqlarla məktəb rəhbərliyi söhbət apara bilər, digər prosedur tədbirlər görülər, valideynlər dəvət olunar və s. Ancaq təəssüf ki, müəllim sinfi idarə etmir, bununla da uşaqlara lazımsız hərəkətlər üçün imkan vermiş olurdu. Uşaqlar haqqında da tədbirlər görülüb, valideyn və şagirdlərin izahatları alınıb, uşaqlar üzrxahlıq edib. Həmçinin həmin məktəblilər  polis tərəfindən müvafiq profilaktiki tədbirlər görülməsi üçün nəzarətə götürülüb”, - sektor müdiri qeyd edib.


***14:40
Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə 165 nömrəli tam orta məktəbdən bildirilib. Qeyd olunub ki, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.
Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının valideyn və şagirdlərin izahatlarını aldığı bildirilib: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə Yeniavaz.com-a bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".

 

DİGƏR XƏBƏRLƏR

Top