Nemət Paşayev: “Bu qələbə bizi də çox sevindirdi”


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli surətdə qeyd olunur. Bu dəfə daha möhtəşəm qeyd olunacaq. Çünki 22 noyabr ədliyyə işçilərinin peşə bayramı  Azərbaycanın erməni faşizmi üzərində qələbəsinə təsadüf etdi.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 102 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Ədliyyə işçiləri Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisi naminə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri böyük məsuliyyət və şərəflə yerinə yetirirlər.
Həmsöhbətimiz Mingəçevir Məhkəməsinin sədri vəzifəsini icra edən Nemət Paşayev ədliyyə işçilərinin peşə bayramı ərəfəsində xoş arzularını çatdırıb. O Yeniavaz.com-a açıqlamasında bildirib ki, bu ilki peşə bayramı daha xoş günlərə təsadüf etdi:
“Belə ki, xalqımız erməni faşizmi üzərindəki qələbəsini böyük coşqu ilə qeyd edir. Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu başladığı qətiyyətli əks-həmlə əməliyyatları ilə işğalçı ölkənin ordusunun belini qırdı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi.  Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Yeri gəlmişkən onu da qeyd edim ki, haqq savaşına qədər prezidentimiz İlham Əliyev dəfələrlə vurğulamışdı ki, düşmənin işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik ərazilər əzəli tarixi Azərbaycan torpağıdır”. 
Nemət Paşayev həmçinin bildirdi ki, Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edirdi: 
“Amma Ermənistan bütün bunlara biganə yanaşır, üstəlik BMT-nin məlum qərarlarını yerinə yetirməkdən imtina edirdi. Amma Ali Baş Komandanımız düşmənə elə bir dərs verdi ki, Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planlarını müzəffər ordumuzun rəşadəti ilə alt-üst etdi. Nəticədə regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha göstərdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top