ÜRFAN MƏMMƏDLİ

Əgər deputat onu seçicinin seçdiyinə inanırsa...

Əgər deputat onu seçicinin seçdiyinə inanırsa...

ÜRFAN MƏMMƏDLİ
Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı aeroportun VİP salonundan deputatların ailə üzvlərinin istifadə etməsinin gərəkliliyini ifadə edib. Onun bu çıxışı mediada geniş reaksiya doğurub.
Bu doğru yanaşma deyil. Sabir Rüstəmxanlının bu sözü deyəcəyi mənə inandırıcı görünmür. Biz onu şairlikdən daha çox xalq hərakatının lideri kimi sevmişik. Sabir müəllim meydanlara hətta Elçibəydən də qabaq çıxmışdı. Xalq üçün yanan birinin öz şəxsi mənfəəti naminə təklif verməsi çaşqınlıq yaradır. Bəlkə də onun sözləri konteksdən çıxarılmış formada təqdim edilib. Ona görə də onun çıxışı mənfəət faktoru kimi görünür.
Yox, əgər mən səhv düşünürəmsə, Sabir Rüstəmxanlı, həqiqətən, belə təklif veribsə, onda o da, bir çoxları kimi, əvvəlki xidmətlərinin üstündən xətt çəkmiş olur. Bu təkliflə Rüstəmxanlı keçmiş xidmətlərini saxtalaşdırmış olur.
Deputatı ailə üzvləri ilə birgə seçmirlər. Onu şəxsi keyfiyyətlərinə görə seçirlər. Azərbaycanda cəmi 125 deputat var. Onların hamısının ailə üzvləri, özləri kimi imtiyazlar alsalar, yəni VİP salonundan istifadə etmək hüququ qazansalar, onda VİP salonunda nəfəs almaq olmaz, yaxud VİP salonunun digər salondan fərqi olmayacaq.
Ailə üzvü deyiləndə kimlər başa düşülür: həyat yoldaşı və övladları. İndi aydınlaşdırmaq lazımdır ki, övladının həyat yoldaşı da deputatın ailəsi sayılır, yoxsa yox. Sayılırsa, deməli, deputatın ailəsi övladlarının sayı qədər genişlənmiş olacaq. Sayılmırsa, onda övladı VİP salonundan istifadə edəcək, övladının həyat yoldaşı yox. Bundan başqa, deputatlar arasında, yəqin ki, iki və daha çox dəfə evlənənlər var. Bu halda deputatın hansı övladı “doğma”, hansı “ögey” olacaq?
Sabir müəllim bu təklifi verməzdən əvvəl bu suallara cavab tapmalı idi. 
Digər tərəfdən, deputatı seçicilər seçir. Deputatın ailəsi də bu seçicilərin sırasındadır. Necə olur ki, seçicinin bir hissəsi VİP-dən istifadə edə bilir, o biri hissəsi yox. Əgər deputat onu seçicinin seçdiyinə inanırsa, onda ilk növbədə seçicisini düşünməlidir. Zatən seçicinin xeyrinə olan şey həm də deputatın ailə üzvünün xeyrinədir. 
VİP məhdud sayda adamların keçməsi üçün nəzərdə tutulmuş salondur, hamını oradan buraxmaq mümkünsüzdür. Sabir müəllim hamının VİP-dən keçməsini təklif etsəydi, bu mümkün görünməsə də məntiqli görünərdi. O, ailə üzvlərinin VİP-dən keçidini istəməkdənsə, seçicisinin, o cümlədən də ailə üzvlərinin keçdiyi keçidlərdə xidmətin səviyyəsinin yüksəldilməsi üçün təklif verməli idi.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top