Ruslar xurmanı niyə çox yeyir? - Şəfa mənbəyi sayırlar

Bu ayların ən çox satışa çıxarılan meyvələrindən biri də xurmadır. Əksər bölgələrimizdə yetişən bu meyvə korolyok, xirnik adı ilə də tanınır. Hər il Azərbaycanın bölgələrindən tonlarla xurma alınaraq satış üçün Rusiyaya daşınır. Yerli korolyokların bir hissəsi isə satış məqsədi ilə paytaxta daşınır. Lakin bütün bunlara baxmayaraq, hər il alıcısı olmaması səbəbindən tonlarla korolyok tələf olur.

Məhsul bol olduğundan xurmanın qiyməti də çox ucuzdur, məsələn, yarmarkadan 1 taxta yeşiyini 2-3 manata almaq olar.

Şəfa mənbəyi

Tərkibi vitaminlərlə zəngin olan korolyok çoxlu sayda xəstəlik üçün şəfa mənbəyi sayılır. Lakin nədənsə çoxumuz bir çox meyvələr kimi bu nemətin də qədrini bilmir, yemirik. Sonra da xəstəliklərin artmasından gileylənirik.

Xurma ilk növbədə vitamin azlığından əziyyət çəkənlər üçün faydalıdır. Tərkibindəki A vitamini orqanizmin müqavimətini artırır, maqnezium böyrəklərdə daşın əmələ gəlmə prosesinin qarşısını alır.

Karalyok iştah açmada, dəmir çatışmazlığına müsbət təsir göstərir. Mədə qastrininin müalicəsində xurmanın faydalı olduğu bildirilir.

Rusiyalı həkimlərin qənaətincə, korolyok ürək-damar sisteminə müsbət təsir göstərir. Eyni zamanda kökəlmənin də qarşısını alır. Bundan əlavə, xurma şirəsi bakteriyaları öldürür.

Xurma zülallar, qlükoza və fruktoza, C, karotin, kalium, kalsium, maqnezium, fosfor, dəmir və yodla zəngindir. Xurma yod mənbəyidir.

Bu meyvənin tərkibindəki C və P vitaminləri damarları gücləndirir.

Alimlərin fikrincə, tərkibindəki antioksidantlar baxımından xurma yaşıl çaydan geri qalmır.

Dünyanın bir çox ölkələrində stress, depressiya vəziyyətində olanlara, əhvalı pozulanlara məhz korolyok yemək tövsiyyə olunur.

Diabet xəstələrinə, əməliyyatdan çıxanlara isə xurma yemək olmaz.

Qeyd edək ki, Azərbaycanda əsasən sentyabr, oktyabr, noyabr aylarında yetişən bu meyvənin vətəni Yaponiya və Çindir. Elə bəlkə buna görədir ki, Azərbaycanın bəzi bölgələrində korolyoka "yapon xurması" da deyənlər var.

Əsasən iki növü var: ağız büzən və ağız büzməyən.

"Yeniavaz.com"

DİGƏR XƏBƏRLƏR

Top