"Azərbaycan dağlarında ilk dəfədir ki, böyük xilasetmə işləri aparılır"

Xaricdən texnika və xilasedicilər gətirməyə ehtiyac varmı?

Dekabrın 25-də Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları hələ də nəticəsiz qalıb. Ötən günlər ərzində alpinistlərin izlərinə rast gəlinmədiyi üçün onların harada və necə olduqları da bilinmir. Ancaq hər ötən gün gənc alpinistlərin əleyhinə işləyir. Çünki Tufandağda iqlim olduqca sərtdir və soyuq havada onların həyatda qalma ehtimalları da artıq azalmaqdadır.

Məsələ sosial şəbəkələrin də əsas müzakirə mövzusudur. Mediada da axtarışların davam etməsi və hələ heç bir nəticənin olmaması ilə bağlı xəbərlər ara vermir.

İtkin düşən alpinistlərdən biri Babur Hüseynovun dostlarının yaydıqları ictimaiyyətdə böyük reaksiyalara səbəb olan müraciətlərində əsas tələblərdən biri də xaricdən texnika və xilasedicilərin gətirilməsi idi.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazilriyinin (FHN) itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb. Bildirilir ki, əraziyə ağır texnikanın işə cəlb olunması mümkün deyil: “Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Qurum qar örtüyünün qalınlığının 1-1,5 metrə çatdığını deyir. Qeyd edilir ki, qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir. ”Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib".

Axtarışa qoşulan bəzi könüllülər bir neçə gün öncə bəyanat yayaraq, axtarışın səmərəliliyini artırmaq üçün təkliflərini səsləndirmişdilər. Onlar axtarış aparılan məkana 5 ekskavator gətirilməsini təklif etmişdilər.

Bundan başqa, könüllülər axtarış məkanında gecələmək üçün çadırlar, yuxu tulumları, matlar, 5 böyük həcmli generator, istilik sobaları, yemək bişirmə və su qızdırma avadanlıqların gətirilməsi zəruriliyini vurğulamış, bildirmişdilər ki, qərargah axtarış yerinə yaxın məsafəyə köçürülməli, xüsusi dedektorlardan istifadə edilməlidir.

Xınalıq kənd sakinləri isə hesab edirlər ki, alpinistlərin sağqalma ehtimalı var. Sakinlərin sözlərinə görə alpinistlər mağaraya giriblərsə və ərzaqları da varsa, sağ qalma ehtimalları yüksəkdir. Lakin orada olan alpinistlər bidirirlər ki, həmin istiqamətdə mağara yox səviyyəsindədir.

Bəs xaricdən alpinist və ya texnika çağırma prosesi necədir?

Alpinist Emil Vəliyev bildirib ki, xaricdən alpinistlər müqavilə əsasında cəlb olunur:

“Müəyyən şirkətlər var ki, onlarla müqavilə bağlanarsa ölkəyə gələ bilərlər. Eyni zamanda, dəvət nəticəsində də onların axtarışlarda iştirak etməsi mümkündür. Ümumiyyətlə, Azərbaycan dağlarında ilk dəfədir ki, böyük xilasetmə işləri aparılır. İndiyə qədər bu baş verməyib. Deyim ki, ölkəmizdə kifayət qədər peşəkar kadrlar var. Xaricdən dəvət olunacaq alpinistlərə xərclənəcək vəsaiti yerli kadrlarla işə xərcləsələr, daha effektiv olar. Yerli alpinistlər 4 gün orada könüllü və pulsuz elə bir iş gördülər ki, xarici şirkətlər bunu baha qiymətə edərdilər. Texnikaya gəlincə isə deyim ki, Azərbaycanda qarın altında 20-30 metrəni oxuyan cihaz yoxdur. Müəyyən Avropa ölkələrində bu cihazdan ola bilər. Ancaq son nəticədə yenə də qazıntı aparılmalıdır. Xarici şirkətlərin dəvət olunması dövlətlər arası münasibətlərdən də asılıdır. Müəyyən alpinist şirkətlər var ki, onlar belə işləri humanitar formada edirlər. Yəni yalnız gediş-gəliş xərcləri ödənilir. Azərbaycanda peşəkar alpinist şirkətləri çoxdur ki, onlar da eyni işi görə bilərlər. Hazırda yerli qüvvələr bir qədər kənarda qalıb. Düşünürəm ki, onlar unudulmamalıdır”. Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top