Üzeyir bəy Hacıbəyli və Cavidlər ailəsi

Türk dünyasının fəxri, Azərbaycan mədəniyyətinin dayağı olan Üzeyir bəy Hacıbəyli böyük dramaturq, filosof şair Hüseyn Cavid əfəndi ilə hələ gənclik illərindən tanış və dost olmuşdular. Bu iki mütəfəkkir sənətkarı bir-birinə bağlayan arxadaşlıq telləri və əqidə birliyi idi.

Üzeyir bəy Hacıbəylinin bacanağı, Azərbaycanın görkəmli maarif xadimi, repressiya qurbanlarından biri olan Pənah Qasımov Hüseyn Cavidlə qonşu olmuşlar. Onlar Cavid əfəndinin indiki İstiqlal küçəsindəki ev-muzeyi yerləşən binanın (keçmiş Kommunist küçəsi, 8) üçüncü mərtəbəsində ailəliklə çox mehriban qonşuluq əlaqələrində yaşayırdılar. Üzeyir bəy də o biri bacanağı, bəstəkar Müslüm Maqomayevlə tez-tez Pənah bəygilə gələrdilər. Belə görüşlərdə mütləq H. Cavid də iştirak edərdi.

H. Cavidin həyat yoldaşı Mişkinaz Cavid xatirələrində belə yazırdı: "Yadımdadır... 1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşmışdı. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi:

- Cavid əfəndi, özün bilirsən, "Koroğlu" üzərində işləyirəm. Yaman vuruşdayam. İnşallah, "Koroğlu"nu qurtarandan sonra ürəyimdə tutmuşam ki, sənin "Şeyx Sənan"ına opera yazım.

Cavid dedi:

- Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt istəsən "Şeyx Sənan"a libretto yazaram. Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən də, mənim "Şeyx Sənan" operamın librettosu o qədər də xoşuma gəlmir. Sənin "Şeyx Sənan"ın mənim ürəyimcədir. Allah sənə də, mənə də cansağlığı versin. Yaxşı bir əsər yazarıq."

30 aprel 1937-ci ildə Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının premyerasında Hüseyn Cavid də ailəsi ilə birlikdə iştirak etmişdir. Əsəri çox bəyənən Cavid əfəndi hədsiz sevinc içində: "Bu gün əsl xalq bayramı, əsl sənət bayramıdır",-demiş, sonra isə dostunu şəxsən təbrik etmək üçün səhnə arxasına keçmişdir. "Koroğlu" operası haqqında ilk resenziyalardan birini də 6 may 1937-ci il tarixli "Yeni yol" qəzetində Hüseyn Cavid yazmışdır.

Əfsuslar olsun ki, "Şeyx Sənan" operası üzərində bərabər işləmək niyyəti bu sənətkarlara nəsib olmadı. Dəhşətli 37-ci il bütün arzulara son qoydu. 4 iyun 1937-ci ildə şər, düşmən qüvvələr Hüseyn Cavid əfəndini gedər-gəlməzə apardı.

Üzeyir bəyin sevimli tələbəsi

Cavid əfəndi həbs olunanda oğlu Ərtoğrolun 18, qızı Turanın 14 yaşı vardı. Bu yeniyetmə uşaqlara ata qayğısı nə qədər gərək idi. Belə ağır günlərdə Üzeyir bəy dostunun ailəsinə himayə durdu. Baxmayaraq ki, çox qorxulu, təhlükəli zaman idi. Xalq düşmənlərinin ailələrinə yaxın insanlar da təqib olunurdular. Lakin Ü.Hacıbəyli Cavidin ailəsini nəzarətsiz, baxımsız qoymadı. Onlara daima mənəvi və maddi dayaq oldu.

Böyük dramaturqun oğlu, ciyərparası Ərtoğrol Cavid 1940-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra, Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq, 1941-1942-ci illərdə Üzeyir bəy Hacıbəylinin sinfində bəstəkarlıqdan dərs almış, özünü çox istedadlı tələbə kimi göstərmiş, Üzeyir bəyin sevimlisinə çevrilmişdir.

Faşizm üzərində qələbənin 60 illiyi ilə bağlı "Üzeyir bəy Hacıbəyli və İkinci Dünya müharibəsi" adlı məqalə üzərində işlədiyim zaman maraqlı bir fakta rast gəldim. 1941-ci ildə müharibə başladıqdan sonra əsgərlərə, orduya mədəni hamilik işinə rəhbərlik edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Üzeyir bəy Hacıbəyli dərhal bütün bəstəkarları iş otağına toplayaraq onlara hərbi-vətənpərvərlik əsərləri yazmağı tapşırmışdır. Bu mövzuda ilk əsəri məhz böyük Hüseyn Cavidin oğlu Ərtoğrol Cavid yazmış və sevimli müəlliminə təqdim etmişdir. Bu, gənc bəstəkarın Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi "Eşq olsun" mahnısı idi. Üzeyir bəy əsəri çox bəyəndiyini söyləyərək, yüksək qiymətləndirmişdir.

Ərtoğrol Cavidin gələcəyinə Üzeyir bəy Hacıbəylinin çox böyük ümidi vardı. Qeyri-adi istedad sahibi olan Ə. Cavid həm də Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi Tədqiqat Kabinetində çalışaraq xalq yaradıcılığı nümunələrinin toplanması, folklorun nota salınması işi ilə məşğul olurdu.

Əcəl macal vermədi...

Hətta ağır vərəm xəstəliyinə tutulan Ərtoğrol Cavid vəfatından altı ay əvvəl - 26 aprel 1943-cü ildə Tbilisidən kabinetin rəhbəri Bülbülə göndərdiyi məktubunda nikbinliklə yazırdı: "Mənim indiki planım Naxçıvana getməkdir. Orada hər şey var. Nənəmlə qonşu kəndlərə gedəcəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıracaq materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızı var". Təəssüf ki, gənc bəstəkar və tədqiqatçı istədiyini həyata keçirə bilmədi. Əcəl macal vermədi, bütün arzular yarımçıq qaldı.

Ə. Cavidin əsgərlikdən yazdığı məktubları oxuduqca, onun nə qədər ağıllı, mərd, canıyanan, qayğıkeş olduğunu görməmək mümkün deyil. Yazdığı məktublarda Ərtoğrol yardım üçün yalnız əziz müəllimi Üzeyir bəyə müraciət edirdi. O, xeyirxah saydığı Üzeyir bəy Hacıbəyliyə bir neçə məktub göndərmişdir. Birinci məktubu 25 fevral, ikinci məktubu isə 15 mart 1942-ci ildə yazmışdır.

... Anasının və bacısının fikrini və dərdini içində çəkən 23 yaşlı Ərtoğrol yeganə səcdəgahı Ü. Hacıbəylidən kömək diləyirdi. Amma narahat oğul və qardaş bilmirdi ki, Üzeyir bəy onsuz da Cavid əfəndinin ailəsi üçün lazımi, mümkün olanları edirdi. Onlara maddi və mənəvi yardım göstərirdi.

Cavid əfəndinin yadigarı Turan Cavidi Dövlət Radio Komitəsində ilk dəfə işə düzəldən də məhz Üzeyir bəy Hacıbəyli olmuşdur. Turan Cavidin bununla bağlı və başqa etirafları ilə əlaqədar A. Turanın "Cavid əfəndi..." kitabında oxuyuruq: "Məktubu (söhbət Ərtoğrol Cavidin yazdığı məktubdan gedir) Üzeyir bəyə verdim. Oxudu və Radio Komitəsinə zəng vurdu. Kim idi Üzeyir bəyin bir sözünü iki edən. Məni işə götürdülər. Amma Üzeyir bəylə bağlı bir yalnışımı da söyləmək istəyirəm. Üzeyir bəy Ərtoğrolun məktubunu oxuyub, Radio Komitəsinə zəng vurandan sonra həmin məktubu mənə qaytardı. Uzun illər Üzeyir bəyə həm şükrançı oldum, həm də ürəyimdə bir qırıqlıq qaldı. Düşünürdüm ki, Üzeyir bəy yəqin Ərtoğrolun məktubunu özündə saxlamaqdan qorxdu, çəkindi...

Amma çox-çox illər sonra Üzeyir bəyin arxivində Ərtoğrolun Gürcüstandan ona yazdığı məktubları görəndə təskinlik tapdım. Üzeyir bəy aldığı çoxlu məktubların içərisində Ərtoğrolun məktubları ayrıca sevgi ilə qoruyub saxlamışdı. Bunu biləndən sonra Üzeyir bəylə bağlı keçirdiyim ikili duyğularıma nöqtə qoyuldu".

Heyf səndən, Ərtoğrol Cavid!

Ərtoğrol Cavid gənc yaşında xeyli musiqi əsərləri yazıb qoymuşdu. Ü. Hacıbəylinin bəstəkarlıq sinfində təhsil alan Ə. Cavid ilk əsərlərindən birini - "Doqquz variasiya"sını sevimli müəlliminə həsr etmişdir. Bundan əlavə onun Azərbaycan el havaları əsasında yazdığı "Üç prelüd" ("Çal-oyna", "Aşıqsayağı", "Yallı"), iki uşaq miniatürü, anası Mişkinaz xanıma ithaf etdiyi Naxçıvan mənzərələri adlı iki musiqi lövhəsini ("Zəngəzur dağlarında", "Batabat yaylaqlarında "), "Sonatina ", Skripka və fortepiano üçün "Poema", N. Rəfibəylinin şerinə yazdığı "Eşq olsun" mahnısı və s. əsərləri göstərmək olar. Bunları Ə. Cavid yazaraq tamamlamışdır. Lakin onun yarımçıq qalmış əsərləri də vardır. Məsələn, Böyük simfonik orkestrin müşayiəti ilə lirik-dramatik tenor səsi üçün "Romans-Kapriççio" (sözləri Nizaminindir), "Şeyx Sənan", "Məhsəti" operaları, "Babəkin andı" simfonik poeması və bir sıra kamera instrumental əsərləri tamamlanmamışdır.

Ərtoğrol Cavid hətta bəzi Avropa və rus bəstəkarlarının əsərlərinin mətnlərini Azərbaycan dilinə tərcümə etmiş və çox da uğurlu alınmışdır. Məsələn, Şubertin "Arqançı", Küinin "Toxundum gülə", Cordaninin "Ey sevgilim", Şopenin "Arzu", Motsartın "Beşik nəğməsi", Ştrausun "Bahar nəğməsi", Rimski - Korsakovun "Sadko operasından "Hindli qonağın nəğməsi", Taneyevin "Beşik nəğməsi", Raxmaninovun "Yasəmən", Qreçaninovun "Layla" və s. əsərlərinin bədii mətnini dilimizə ustalıqla çevirmişdir. Lakin bu əsərlərin nəşri zamanı tərcüməçi kimi Ə. Cavidin adı qeyd olunmamışdır.

Qeyri-adi istedada malik Ə. Cavid sağ qalsaydı nə qədər gözəl-gözəl əsərlər yazacaqdı. Amma xalqımızın düşmənləri buna rəvac vermədilər. Repressiyanın davamı olaraq Hüseyn Cavidin yeganə oğlunu da məhv etdilər.

Biz onun simasında kimi itirmişik? Bəstəkarı, şairi, yazıçını, dramaturqu, tədqiqatçını, ssenaristi, rəssamı, pedaqoqu və s. Bu sahələrin hər birində də o, böyükdür, Hüseyn Cavidin adına layiqdir. 24 yaşında bir gəncin yaratdıqlarına nəzər saldıqda heyrətlənməmək olmur və bizə yalnız onu demək qalır. Heyf səndən, Ərtoğrol Cavid!

Səadət Qarabağlı, üzeyirbəyşünas

DİGƏR XƏBƏRLƏR

Top