Üzeyir bəy Hacıbəyli və Naxçıvan

Azərbaycan professional musiqisinin banisi, özünün sağlığında dünya şöhrəti qazanmış bəstəkar, dirijor, musiqişünas, dramaturq, publisist, pedaqoq, tarixçi, filosof, alim, akademik, xeyriyyəçi, xeyirxah insan olmaqla yanaşı, Ü. Hacıbəyli həm də yorulmadan xalqı üçün çalışan ictimai xadim idi. O, ictimai fəaliyyəti də vətəni, milləti qarşısında özünə müqəddəs borc bilirdi. Məhz buna görə də xalq öz sevimli sənətkarına böyük etimad göstərərək, 1925-ci ildə Bakı şəhər Zəhmətkeş Deputatları Sovetinə, 1937-ci ildə birinci çağırış, 1946-cı ildə ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçmişdir. Hər iki dəfə isə Üzeyir bəy Naxçıvan Muxtar Respublikasından SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərilmişdir.

17 noyabr 1937-ci il tarixli "Kommunist" qəzetində oxuyuruq: "Azərbaycan SSR-dən Millətlər Sovetinə seçkilər üçün Naxçıvan okruq seçki kommisiyası 1885-ci ildə anadan olmuş, partiyasız, kompozitor, Azərbaycan SSR-in xalq artisti, Bakı şəhərində yaşayan, Azərbaycan SSR-dən Millətlər Sovetinə seçkilər üçün 100 nömrəli seçki okruqunda səsə qoyulmasına razılıq vermiş Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov yoldaşı Millətlər Sovetinə deputatlığa qeyd etmişdir". Dahi bəstəkar Naxçıvan MSSR-in Naxçıvan rayonunda beynəlmiləl artelin zəhmətkeşləri tərəfindən birinci çağırış SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputatlığa namizəd irəli sürülmüşdür. Ümumi yığıncaqda kolxozçu Muxtar Raydullayev demişdir: "... Mən respublikanın xalq artisti, parlaq "Koroğlu" operasının müəllifi Üzeyir Hacıbəyovu Millətlər Sovetinə deputatlığa namizəd irəli sürürəm". Həmin ilin 16 dekabrda "Kommunist" qəzetində Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyovun Naxçıvan okruqu SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçildiyi xəbər verilirdi.

1938-ci il yanvarın 12-də Moskvada SSRİ Baş Sovetinin birinci sessiyası açılmışdır. Burada SSRİ-nin hər yerindən xalq nümayəndələri İttifaq Sovetinin və Millətlər Sovetinin deputatları iştirak edirdilər. Onların arasında dahi sənətkarımız Üzeyir bəy Hacıbəyli də var idi.

Üzeyir bəy Hacıbəyli mütəmadi olaraq Naxçıvana gedərdi, sakinlərlə görüşərdi, onların arzularının gerçəkləşməsini təmin edərdi. Bu görüşlər, adətən, Üzeyir bəyin yaxın qohumu, şəxsi katibi Ramazan Xəlilovun iştirakı ilə olardı. R. Xəlilov həm də millət vəkilinin köməkçisi idi (Sonralar dahi sənətkarın ev-muzeyinin yaradıcısı və ömrünün sonuna qədər onun direktoru olan Ramazan Xəlilov o illərdən çox maraqlı söhbətlər edərdi). Azərbaycanda elə adam tapılmazdı ki, Üzeyir bəyə müraciət etsin və onun xahişi cavabsız qalsın. Bu mümkün deyildi. Sözün əsl mənasında böyük , qayğıkeş insan olan Ü. Hacıbəyli saysız-hesabsız insanlara əl tutmuş, onların ehtiyacını ödəmişdir. Bəzilərinə pulla köməklik etmiş, təqaüd vermiş, bəzilərinə musiqi alətləri alıb bağışlamış, bəzilərini işlə təmin etmiş, bəzilərinə ev verdirmiş, bəzilərinə geyim, əyin-baş almış, bəzilərinin təhsilinə yardım göstərmişdir.

Bu gənc oğlan İslam Səfərli idi...

Belə insanlardan biri də əslən naxçıvanlı olan sevimli xalq şairimiz İslam Səfərli idi. Üzeyir bəy Hacıbəyli Naxçıvana seçiciləri ilə görüşə gedərkən onunla tanış olmuşdur. Professor Ramazan Xəlilov o illəri belə xatırlayırdı: "1945-ci il idi. Üzeyir bəy Naxçıvana seçiciləri ilə görüşə getmişdi. Biz orada "Qonaq evi"ndə qalırdıq. Bir gün "Qonaq evi"nə əsgər paltarında cavan bir oğlan gəldi. Müharibədən yenicə qayıtmış bu gənc oğlan İslam Səfərli idi. O, Üzeyir bəylə görüşdükdən sonra yazdığı şeirləri göstərdi. Sərraf söz ustası olan böyük sənətkar onları oxudu və şeirləri bəyəndiyini söylədi. Gənc oğlana Bakıya gəlməyi tövsiyə etdi. Bildirdi ki, o, mütləq ali təhsil almalıdır. İslam utana-utana Bakıya gəlmək üçün maddi durumunun məhdud olduğunu dedi. Bu zaman Üzeyir bəy mənə işarə etdi ki, bu gənc oğlana pul verim. Mən də zərfə beş yüz manat qoyub ona verdim. Üzeyir bəy onu Bakıda gözləyəcəyini söylədi".

Çox keçmir ki, İslam Səfərli Bakıya gəlir və birbaşa Ü. Hacıbəylinin yanına gedir. Üzeyir bəy onu mehribanlıqla qarşılayır. Elə oradaca, gənc oğlanın yanında Azərbaycan Dövlət Universitetinin direktoru Abdulla Qarayevə telefon edir və bu istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının qurtardığına baxmayaraq, A. Qarayev Üzeyir bəyin sözünü yerə salmır. Deyir ki, Üzeyir bəy, gözüm üstə, Sizin sözünüz bizə qanundur, göndərin gəlsin. Beləliklə, İslam Səfərli Azərbaycan Dövlət Universitetinə imtahansız qəbul olunur, təqaüdünü isə hər ay Üzeyir bəy özü verir. Görkəmli şairimiz bu yaxşılığı ömrünün sonuna kimi unutmamışdır.

"O, da bizim etimadımızı şərəflə doğrultdu"

Dahi sənətkar ikinci dəfə 1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. İkinci çağırış 1941-ci ildə keçirilməli idi. Lakin İkinci Dünya müharibəsinin başlanması seçkilərin keçirilməsinə mane oldu. Yalnız müharibədən sonra 1946-cı ildə İkinci çağırış SSRİ Ali Sovetinə seçkilər çağırıldı. 1946-cı il yanvarın 4-də Azərbaycan Teleqraf Agentliyi Naxçıvandan verdiyi xəbərə görə SSRİ Ali Soveti deputatlığına namizəd göstərmək üçün Naxçıvan Dövlət Teatrında seçkiqabağı yığıncaq olmuşdur. Toplantıda teatrın direktoru Əkbərov çıxış edib SSRİ xalq artisti, Stalin mükafatı laureatı Üzeyir Hacıbəyovun namizəd göstərilməsini təklif etmiş, Hacıbəyovun çoxcəhətli və səmərəli fəaliyyət göstərən bir bəstəkar, Azərbaycan operasının banisi, böyük alim, musiqişünas, görkəmli pedaqoq və çalışqan ictimai xadim olduğunu qeyd etmişdir. Əkbərov demişdir: "Üzeyir Hacıbəyovun adı ölkəmizdə geniş şöhrət tapmışdır. Onun əsərləri vətənimizin onlarca şəhərində ifa edilir. Naxçıvan seçki dairəsinin seçiciləri keçən seçki zamanı Üzeyir Hacıbəyovu SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçmişdilər və O, da bizim etimadımızı şərəflə doğrultdu. Mən əminəm ki, Üzeyir Hacıbəyov SSRİ Ali Sovetinə seçiləndə, dövlətin səadəti üçün yenə yorulmadan çalışacaqdır..." Soveti seçkilərinə dair "Əsasnamə"nin 64-cü maddəsinə uyğun olaraq hamının nəzərinə çatdırmaq üçün elan edilsin".

17 fevral 1946-cı il tarixli "Kommunist" qəzetində Ü. Hacıbəylinin SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçilməsi haqda məlumat dərc olunmuşdur. Bundan əlavə "Ədəbiyyat", Yeni yol", "Muzıka", "Sovetskoe iskusstvo" və başqa qəzet və jurnallarda Üzeyir bəyin şəkilləri, tərcümeyi-halı, məlumatlar, məqalələr, həmçinin Naxçıvanda Zabitlər evində keçirilən görüşdən sonra seçicilər arasında Ü. Hacıbəylinin fotosu verilmişdir.

Beləliklə, Üzeyir bəy Hacıbəyli on bir il Naxçıvandan SSRİ Ali Sovetinin deputatı olmuş, xalqın rifahı naminə, onun xoşbəxtliyi üçün var qüvvəsi ilə çalışmış, xüsusilə Naxçıvan və naxçıvanlıların mənafeyini qorumuşdur. O, Naxçıvanın mədəni həyatının, iqtisadiyyatının yüksəlməsinə var qüvvəsi ilə köməklik edirdi. Naxçıvanda musiqi məktəblərinin, musiqi kollektivlərinin təşkilində, kadrlarının yetişdirilməsində, sənaye müəssisələrinin açılmasında onun müstəsna rolu olmuşdur.

"Ay Məmməd, sən burada neyləyirsən?"

Üzeyir bəyin tələbəsi, məşhur "Barı Naxçıvan" mahnısının müəllifi Məmməd Cavadov öz xatirələrində yazırdı: "1946-cı ildə Üzeyir Hacıbəyov seçicilərlə görüşmək üçün bir neçə günlüyə Naxçıvan Muxtar Respublikasına gəlmişdi. Onun gəlişindən xəbər tutan kimi getdim "Qonaq evi"nə. Üzeyir bəy və onunla gələn Ramazan Xəlilovla (R. Xəlilov Üzeyir bəy Hacıbəyovun ən yaxın adamı idi. Sonralar, ömrünün sonuna qədər Ü. Hacıbəyovun ev-muzeyinə rəhbərlik etmişdir) sevinclə görüşdüm.

Üzeyir bəy gülərüzlə dedi:

- Ay Məmməd, sən burada neyləyirsən?

Dedim, 1943-cü il, fevralın 23-dən məni mədəniyyət nazirliyi Naxçıvana göndərib və elə o vaxtdan da burda işləyirəm.

Soruşdu ki, burda nə iş görürsən?

Dedim dram teatrda dirijor və musiqi məktəbində nəzəriyyə fənni üzrə müəllim işləyirəm.

Dedi ki, çox yaxşı. Nədən korluq çəkirsən?

Dedim: -Müəllim, sağlığınıza heç nədən.

Bir neçə gündən sonra O, məni yerli təşkilatlarla, o cümlədən, Naxçıvan MSSR İncəsənət Komitəsinə (o vaxtlar komitənin sədri, Azərbaycanın Əməkdar artisti İsa Musayev idi) tapşırıb dedi: - Məmməd istedadlı tələbələrimdən biridir. Musiqi sahəsində bacarıqlıdır. Ondan səmərəli istifadə edin.

Üzeyir Hacıbəyov Naxçıvandan yerli maliyyə nazirliyi və incəsənət komitəsi ilə birlikdə söhbət aparıb, burda Azərbaycan xalq çalğı alətləri orkestrinin təşkil olunması üçün təşəbbüs irəli sürdü. Beləliklə, 47 nəfərdən ibarət orkestrin smetasını tərtib edib, Üzeyir bəyə verdilər. O, isə öz növbəsində Naxçıvan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin smetasını Moskvada Mədəniyyət Nazirliyində təsdiq etdirib, Naxçıvan İncəsənət Komitəsinə göndərdi. Üzeyir Hacıbəylinin tapşırığı ilə məni həmin orkestrə dirijor və bədii rəhbər təyin etdilər. Orkestrin fəaliyyəti haqqında o illərdə "Azərbaycan gəncləri" qəzetində məqalə dərc olunmuşdur".

Azərbaycanın mədəniyyəti tarixində Üzeyir bəy Hacıbəylinin fəaliyyəti müqayisəyə gəlməz dərəcədə nəhəngdir. Vaxtilə onun açdığı irfan yolları bu gün ənginliklərə varid olmuşdur. Ölkəmizin bütün bölgələrində, eləcə də sərhədlərimizdən uzaqlarda dahi sənətkarın imzası görünür, möhürlənmiş, əbədiyaşar imzası.

Səadət Qarabağlı, üzeyirbəyşünas

DİGƏR XƏBƏRLƏR

Top