Bu son fəsildir...

Əli Çərkəzoğlu

Başın iki ovcunun arasında, gözündə üfüqlərdə, dizinin üstündəki əsanın dəstəyi də boynunu bükmüş kimi yerə baxır. Uzaq, qədim bir türkünün sözləri oxunur duyğularında:

"Dönülməz axşamın üfqündəyim,

zaman çox gec.

Bu son fəsildir, ey ömrüm,

nasıl keçərsən-keç"

Ömrünün son fəslini yaşadığına inanmaq nə qədər həzin bir hiss, nə qədər kövrək bir duyğu! Allah! deyib inləməyin gəlir. Dönüşü olmayan bir səfərin astanasında dayanmaq. Bir azdan, bir azdan...

Gələn bahar bəlkə də sənsiz gəldi bu yer üzünə, yenə günəş doğacaq, yenə çiçəklər açacaq, yenə uzaqdakı bir iydə ağacının altındə bir oğlanın dili söz tutmayacaq və eləcə əlində büküb əzdiyi məktubu həyəcandan titrəyən qızın ovcuna basıb axrasına baxmadan qaçacaq...

Çox şeylər yaşanacaq, çox şeylər dəyişəcək. Bu divarın o üzündə çalınan toyun meyvələri görünəcək barının başından, balaca-balaca uşaqlar o həyətdən çıxıb sənin əkdiyin gilas ağaclarına dırmaşacaqlar.

Qonşu kənddən bir nəfər İrandakı qohumlarından aldığı məktubu gətirəcək ki, oxutsun, sənin öldüyünü eşidib sakitcə "Allah rəhmət eləsin!" deyib dönəcək.

Qonşunun toyuqları yenə çəpərdən aşıb bu həyətdə dolaşacaq, amma qovmayacaqlar, təkcə qonşunun xətrinə yox, həm də sənin ruhunu incitməmək üçün, çünki o qədər demişdin ki, qonşunun toyuğu qonşunun həyaətində gəzər...

"Dönülməz axşamın üfqündəyim". Amma heç kəsin üfüqü, üfüqdə gözləyən qapısı bir-birinə bənzəməz. Hər halda sən belə düşünürsən.

Yaşamaqdan, dünyanın o başından bu başına qədər yeriyib gəlməkdən yorulmuş kimisən. Çiynində ağır bir yük var elə bil. Qalxıb getməyə də həvəsin yoxdur, elə bil hər şeyi burda gözləmək, burda qarşılamaq istəyirsən.

Adını çəkməyə qorxursan, amma burada, bu yolun kənarında yıxılıb qalmaq, sonra da evdəkilərə, qonum-qonşuya aval olmağı düşünmək ürəyini sıxır.

Günəş də yavaş-yavaş üfüqə əyilir. Günəşin batdiği yerdən bir qız şəkilnə girmiş bir əlçim bulud qalxıb sənə tərəf süzür. Nəmlənmiş gözlərini zilləyib sənə doğru sizən o bulud-qızdan gözlərini ayırmadan baxırsan. Gəlir, gəlir... O imiş ki... Həyatının ilk baharında sevmişdin onu, amma elə içinə gömdün o sevgini. Amma illər keçdikcə o sevgi bey verib qalxdı və sən bir gün anladın ki, xoşbəxtlik dediyin şey sənin yolunun üstündəymiş, sənsə dağların o üzündə axtarmısan.

Olmadı, gülüm, olmadı,

İllər qurutdu, sellər apardı,

Küləklər sovurdu sevgimi gül ləçəkləri tək.

Mən bu dünyanın ən yazıq, ən zavallı adamı,

Hardan düşdüm bu qara sevdaya?

Gözlərim sənə dikili qaldı,

Əllərim sənə uzalı qaldı,

Səni görə-görə, səni sevə-sevə,

Həsrətini yaşadım korun-korun.

Sevdim, yarımadım, yarıtmadım.

Məni o sevgiyə bağışla, o dilsiz sevgiyə,

Dünyanın ən yazıq, ən məsum sevgisinə.

Bağışla, sevdiyim, bağışla,

Bir də halallıq ver, gücün yetirsə.

Olmadı, gülüm, olmadı.

Bizim üçün vüsal deyilən bir şey varsa,

O da ölümün o üzünə qaldı,

Nələr xəyal etmişdik, nələr istəmişdik,

Olmadı biz istəyən, olmadı.

Bağışla məni, bənövşə gözlüm,

Olmadı, gülüm, olmadı...

Durub getmək zamanıdır. Hava qaralmadan evə çatmalısan, yoxsa yazıq qarı qapının ağzından yığışmayacaq. Onsuz da son günlər ürəyi çox incidir yazığı. Gileylənməyi sevməsə də aradabir zarafatla vəsiyyətini eləyir sənə: "Heç uşaqları incidib-eləmə, indi qəbir yeri almaq da bir dərddir, aparıb öz camaatımızın arasında basdırın. Amma noolar məni özündən ayırma." Zarafat deyil ee, əlli ildən artıqdır ki, onun dediyi kimi "otaq yoldaşı"sınız. İçində bir başqası, amma yanındakına üzünü də turşutmadın bir ömür boyu. Səni iyindən tanıyır, küçədən gələndə ayaq səslərindən tanyır səni. Sən onu sevmədin, onun sənə olan fədakarlığını, sədaqətini sevdin.

Əlini uzadanda qapı öz-özünə açılır. Onu sevib-sevmədiyini düşünürsən, Daha doğrusu öz-özünə açılmır, o içəridən açır. O qədər rahat, könlü tox adamdır ki...

Gözü də heç zaman arxada qalmayıb. Səhər-axşam ağzını şükürlə açıb şükürlə bağlayır. Sənə elə gəlir ki, öləndə də zarafatla öləcək. Eləcə danışa-danışa birdən susacaq, çağıracaqsan, cavab verməyəcək. Yaxınlaşıb görəcəksən ki, keçinib, sözü dodağında, təbəssümü çöhrəsində donub.

Bu da bir xəyal, bu da bir təsəvvür idi keçdi başından. Amma o qapıdan qaçış yoxdur... Gec-tez olacaq, mütləq olacaq, ya səndən əvvəl, ya səndən sonra. Bir söz yadına düşür: "Gedənlərə nə var ki, vay qalanın halına."

"Ya Allah!" deyib dikəlirsən, hava qaralanacan evə çatmasan, yoxsa qarı ürəyini tuta-tuta çöl qapının ağzında qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top