“Mən özümü vətən qarşısında borcunu yerinə yetirmiş vətəndaş saymıram”

- Salam, özünüzü necə hiss edirsiniz, səhhətiniz necədir?

- Şükür Allaha hər şey yaxşıdır!

- Azərbaycan Ordusunun baş leytenantı, Qarabağ qazisi Kamil Musavi... istərdik geniş şəkildə özünüzü tanımayanlara təqdim edəsiniz.

- Ehtiyatda olan baş leytenant Kamil Musavi İbadət oğlu. 1990-cı ildə Qazax rayonunda anadan olmuşam. 2008-ci ildə 2 saylı orta məktəbi bitirib həmin ildə Heydər Əliyev adına Azərbaycanın Ali Hərbi məktəbinə daxil olmuşam. 2008-ci ildən, 2012-ci ilə qədər bu məktəbdə təhsil almışam. 2012-ci ildə məktəbi leytenant hərbi rütbəsi ilə bitirib, təlim-tədris mərkəzində təkmilləşdirmə kursunda olmuşam. 2013-cü ilin iyul ayından da Tərtər rayonundakı “N” saylı hərbi hissəyə xidmətə yollanmışam.

“Gözümü iki-üç saniyəlik yumdum ki, bəlkə bu yuxudur”

- Yaralandığınız o günü necə xatırlayırsınız?

- Hadisə oktyabrın 12-si 2015-ci ildə olmuşdu. Döyüş tapşırığını yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağımı və bir gözümü itirdim. Həmin gecəni belə xatırlayıram. Əməliyyata gedirdik. Bir yoldaşımın həyəcanlı olduğunu görüb onun arxasınca getdim. İki yoldaş öndəydik, yanından keçmək istəyəndə partlayış oldu. Ayağımı, gözümü eyni zamanda o biri ayağımın alt hissəsini və bir qolumu qəlpələr yaraladı. O an yerə yıxıldım, əlimi atdım ayağıma gördüm əlim sümüyə dəyir. Bu mənə yuxu kimi gəlirdi, belə bir şey ola bilərmi?! Dizimdən aşağı keyimişdi, ağrı olsa da, hiss etmirdim. Gözümü iki-üç saniyəlik yumdum ki, bəlkə bu yuxudur. Təkrar bir də əlimi ayağıma vurdum gördüm ki, ayağım yoxdur. Birdən üzümdə istilik hiss elədim. Gördüm sifətimdən qan axır. Əlimlə gözümü yoxladım gördüm gözüm də yoxdur. Yaralanan ayağımı yuxarıya doğru düz şəkildə qaldırdım ki, daha çox qan getməsin, həm də torpaqdan mikrob keçməsin. Bir az güc toplayıb səngərimizə tərəf süründüm. Səngərdə Məcidov Rafail var idi. Biz əməliyyatlara gedəndə onun əlcəyinin beş barmağının beşi də kəsik olurdu. Bütün barmaqları görünürdü. Bizdə bir barmaq kəsik olurdu tətiyi çəkmək üçün. Mən onu ondan tanıyırdım, bir də səsindən. Dedi komandir əlini ver, əlimi verdim məni sürüyüb saldı səngərə. Tez bir zamanda tibbi yardım göstərdilər. Əsgər Nağızadə var idi, o məni aldı çiyninə qaçırdı maşına sarı. Mən ona sual verdim, əsgər, məni axıra kimi apara biləcəksənmi?! Dedi, komandir narahat olma apara biləcəyəm! Bizim olduğumuz yerin yaxınlığında tibb məntəqəsi var idi. Ora qədər olan yollar narahat, kələ-kötürlü idi. Adi halda oraya 30 dəqiqəyə çatmaq mümkün olurdu. Gizir Elçin Əliyev var idi bizimlə. Elçin Əliyev məni 11 dəqiqəyə məntəqəyə çatdırdı. Tibb məntəqəsində ilk yardım olandan sonra məni Ağdamın hərbi hospitalına apardılar. Elçin maşın sürə-sürə məndən soruşdu ki, qanın səsini eşidirsənmi?.. Maşını sürə-sürə potinkasının ipini açıb mənim qıçımı sıxdı ki, qan çox axmasın. Hospitala çatanda bircə onu eşitdim ki, baş həkim dedi gecikdirməyin bunu. Sonra məni əməliyyata saldılar. Əməliyyatdan çıxandan sonra telefon tapıb yoldaşıma zəng elədim. Mən altı ay olardı ki, ailə həyatı qurmuşdum. Dedim birdən kimsə nəsə deyər, evdəkilər pis olarlar. Ona görə özüm dedim ki, bir az yaralanmışam kimsə nəsə desə inanmayın, əgər ağır yaralı olsaydım sizinlə danışa bilərdimmi heç?! Hər şey şükür Allah yaxşı oldu. Hospitalda olanda da ilk atam gəldi yanıma. Atam pis olmuşdu ancaq mənə dedi ki, narahat olma biz səninlə fəxr edirik. Nə qədər olmasa da, ata üçün ağır bir şey idi. Səhəri gün cənab Nazir məni və yaralı döyüş yoldaşlarımı helikopter vasitəsilə Bakıya təxliyyə etdirdi. Bakıda 4-5 gün hospitalda reanimasiyada qaldıq. Sonra bizi palatalara köçürtdülər. Hər cür diqqət-qayğı göstərdilər.

“Hadisə mənim sürətimə təsir edib, dəyişən başqa heç nə yoxdur”

- Bütün bu olaylar yaşama eşqinizə təsir etmədi ki?

- Əksinə, adam daha da ruhlanır, mübarizə aparmaq üçün. Bu hadisə məndə bir şey dəyişib: sürətimə təsir edib. Yəni sürətli qaça bilmirəm (gülür). Başqa dəyişən heç nə yoxdur.

- Bəs ailən sənin yaralandığını biləndə necə oldu?

- İlk gördüyüm atam oldu. Atam da ürək-dirək verdi. Bakı hospitalına çatmışdım. Məni helikopterdən təzə düşürtmüşdülər. Gördüm əmim ağlayır. Çiskinli hava idi. Mənim üstümə adyal atmışdılar. Üstümü açdım dedim, əmi, niyə ağlayırsan?! Ölənə ağlayarlar, mənim üçün indi niyə ağlıyırsan... Sonra yanıma gələndə deyir ki, biz sənə ürək-dirək verməkdənsə, sən bizə ürək-dirək verirsən (gülür). Dedim ki, hadisədir də bu peşəni seçəndə bilirdim ki, bunun bu tərəfi də var. Əsas odur ölməmişəm, bəs deyilmi sizə?! Atam-anam mən xəstəxanada olduğum müddətdə hər gün gəlirdilər yanıma. Bir dəfə də yoldaşım gəlmişdi. Mən əlil arabasında ağrı-acılarla birtəhər düşdüm aşağı görüşdüm. Yoldaşıma dedim ki, ayağımdı, gözümdü protez qoyulacaq, əsas odur yaşıyıram, bu sənə bəs etmirmi? Yoldaşım çox güclü qadındır, tərifləmək istəmirəm sevinirdi ki, yaşıyıram!

“Torpağa su qatanda palçıq olur, torpağa qan qarışdığı vaxt vətəndir”

- Sizə görə vətən nədir, əsl vətənə layiq olan vətəndaş necə olmalıdır?

- Həmişə mən deyirdim ki, Vətən qorunmağa ehtiyac duyulan, uğrunda ölə biləcəyimizdir. Dünya miqyaslı bir tədbirdə bir polkovnik bir söz işlədib. Mən də onu oğurlamışam (gülür). Deyir, “Torpağa su qatanda palçıq olur, torpağa qan qarışdığı vaxt vətəndir”. Elə dövlət var ki, şəhidi yoxdur. Biz bu gün fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan kimi bir vətənimiz var. “20 yanvar”, “Xocalı soyqırımı” kimi döyüşlərdə vətən üçün canından keçən vətəndaşlarımız var, olacaq da. Hər bir adam vətənini sevməlidir. Sevgilər müxtəlifdir. Ola bilər ki, ailəmizi sevdiyimiz kimi, Vətəni də sevək. Vətəni sevmək deyəndə bunları sevməlisən, millət, qeyrət, bayraq, ailə, hamısı bunun içində gedir.

- Vətənə xidmət hər bir gəncin borcudur, siz bu borcu yerinə yetirmiş bir vətəndaş kimi sayırsınız özünüzü?

- Mən özümü vətən yolunda borcunu yerinə yetirmiş vətəndaş saymıram. Mənə bir dəfə belə bir sual vermişdilər. Nə versələr yaralarınız sağalar? Dedim ki, torpaqlarımızı versinlər heç nə istəmirəm. Torpaqlarımızı azad etməyənə qədər biz özümüzü layiqli vətəndaş saymamalıyıq. Mən özümə görə belə fikirləşirəm, kimsə necə düşünür onu deyə bilmərəm. Əslində Ermənistan da bizimdir. Ancaq hazırda problemimiz Qarabağdır. Qarabağı azad etməyənə qədər biz özümüzü layiqli vətəndaş saya bilmərik.

- İndi sizin üçün çətin deyil ki, sevdiyiniz peşədən uzaq qalmaq?

- Bu gün orada ola bilməsəm də, telefonla əlaqə saxlayırıq. Vəziyyət necədir, nə dəyişiklik var, hər şeyi soruşuram. İnsan hər bir vəziyyətə uyğunlaşmağı bacarmalıdır. Müharibə başlasa, mən yenə gedərəm.

- Əgər səhhətiniz imkan versəydi, yenidən döyüş bölgəsinə qayıdardınızmı?

- Səhhətim imkan versə bəli. Yaxşı insanlarımız çoxdur. Bəzən pis insanlarla da qarşılaşmalı olursan. Üzümə deyilməsə də, hardansa eşidirəm deyirlər ki, qəsdən minaya düşüb. Mən o insanlara deyirəm axı hansı insan gedib özünü bilə-bilə minaya atar. Adam bilməz axı o minadan sağ çıxacaq, ya yox. Bu dəqiqə qoysam minanı qarşınıza ayağınızı basarsınızmı? Həm də mən döyüş tapşırığını yerinə yetirməyə gedirəm, mən haradan bilərəm sağ qalacam. Düzdür, məni indi döyüş üçün uyğunsuzam, ancaq müharibə olsa, heç kimdən özümü geri saymıram. Əvvəl dediyim kimi ola bilsin sürətimdə zəiflik olsun.

- Sonda sizin gənclərə tövsiyəniz nədir?

- Bu bizim yaralı yerimizdir. Gənclərə tövsiyəmiz çoxdur. Hər birini saymaq vaxt aparar. İlk növbədə gənclərimiz vətəni sevməlidir. Vətəni sevmək bayrağı, ailəni, dövlət atributlarını sevməkdir. Moskvada yaşayan dostlarım var, yaxınlarda onlarla görüşəndə dedilər ki, Allah Prezidentimizin canını sağ eləsin əvvəl Azərbaycan deyəndə tanımırdılar, bu gün isə çox yerdə Azərbaycanı tanıyırlar. Azərbaycan deyəndə harada yerləşdiyini bilirlər. Yəni bizi əvvəllər ən yaxın olan dövlətlər belə tanımırdılar. Bu gün gənclərin çoxu gileylənir, dövlətin yaxşı günü olduğu kimi pisi günu də ola bilər. Bunu real qəbul etmək lazımdır. Ailənin sirrini gedib haradasa danışmadığın kimi vətənin də sirrini düşmənlərlə bölüşməli deyilsən. Aprel döyüşlərindən gördüyünüz kimi cənab Prezidentimiz döyüş əmrini hər an verə bilər. Biz buna hər an hazır olmalıyıq. İlk növbədə, psixoloji, sonra hərbi cəhətdən hazır olmalıyıq. Döyüş vaxtı psixoloji hazırlıq ən başlıca amillərdəndir. Gənclərimiz dedi-qodulara meyil eləməsinlər. Ən çox idmanla məşqul olsunlar. İdman döyüş ərəfəsində lazım olan amillərdən biridir. Mən özüm hərbi xidmətə getməmişdən öncə güləşlə məşğul olmuşam. Şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirildi. Orada güləşimi bəyənən yığmamızın böyük məşqçisi Firdovsi müəllim məni dəvət elədi təlim-məşq toplantılarına. Firdovsi müəllim vətənpərvər insandır. Aprel ayından sonra idi. Yığma komandamız Rio olimpiadasına hazırlaşırdı. Mən onlarla görüşdüm. Firdovsi müəllim legionerlərə dövlətimizin bayrağının rənglərini başa salırdı, himni öyrətməyə çalışırdı. Kim orada qalib olsa, himnimiz çalınanda oxusun. Hamı şəhid olub bayrağımızı ucaltmır ki, hər adam öz peşəsi ilə də bayrağımızı ucaldır.

Ruzbeh Məmməd

Kamil Musavi

DİGƏR XƏBƏRLƏR

Top