Türk lirəsinin ucuzlaşmasından biz nə qədər qazanırıq?

Son zamanlar Türkiyənin milli valyutası - lirənin məzənnəsi, dünyanın aparıcı valyutası - dollara nisbətdə sürətlə dəyərdən düşür. Bu gün 1 dollar 3,8 lirəyə kimi yüksəlib. "Yeniavaz.com" xəbər verir ki, lirə təkcə dollar qaşısında deyil, Azərbaycan manatına nisbətdə də kəskin ucuzlaşmaqdadır. Son 4 ay ərzində lirə manat qarşısında 17,2 % ucuzlaşıb. Belə ki, ötən ilin sentyabr ayının 10-də tarixində valyuta dəyişmə məntəqələrində bir lirə 56,13 qəpiyə dəyişdirilib. 4 ay sonra, yəni bu ilin yanvar ayının 10-də bu göstərici 46,5 qəpiyə qədər düşüb. Onu da bildirək ki, lirənin manata nisbətdə ucuzlaşmasının əsas səbəbi dolların Türkiyənin milli valyutası qarşısında bahalanması ilə bağlıdır. Türkiyə lirəsinin milli valyutamıza nisbətən dəyərdən düşməsi heç şübhəsiz ki, ilk növbədə qardaş ölkədən idxal olunan malların həcmini artıracaq. Lirənin ucuzlaşması eyni zamanda Türkiyədən ölkəmizə məhsul idxal edənlərin daha çox qazanc əldə etməsinə səbəb olacaq. Bildiyimiz kimi, Türkiyə idxalda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Gömrük Komitəsinin məlumatına görə, ötən ilin ilk 11 ayı ərzində Türkiyədən ölkəmizə 1 milyard 66,1 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 13,8%-i təşkil edib. Eyni zamanda qeyd edək ki, son 4 ayda manatın məzənnəsinin lirə qarşısında 17,2% bahalanması Türkiyədən gətirilən məhsulların eyni səviyyədə ucuzlaşması deməkdir. Məsələn, 4 ay əvvəl Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 56,1 manat ödəyirdiksə, hazırda eyni paltara 46,5 manat ödəyirik.

DİGƏR XƏBƏRLƏR

Top