Hafiz Hacıyev: "Onsuz da hamımız acından qırılırıq"

Ötən ilin sonlarında ölkədə bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunmuşdu. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanmışdı. Layihəyə əsasən, bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılacaq. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün hazırda qüvvədə olan 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapmışdı. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunmuşdu. Layihənin ilin sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulub.

"Səlim Müslümov villalarından beşini satsa bu işləri həll eləmək olar"

Müzakirəyə çıxarılacaq layihə haqda fikirlərini öyrənmək üçün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət etdik. Mövzu ilə bağlı "Yeniavaz.com"a danışan H.Hacıyevin sözlərinə görə, 60-70 yaşında insanlar ölüb gedirlər: "Hökümətdə elə eləmək istəyir ki, insanlar pensiya yaşına çatmasınlar, ölüb getsinlər. Bunların hamısı baş aldatmaq kimi bir şeydir. Onsuz da hamımız acından qırılırıq, qoca vaxtda pensiyamı olar? Azərbaycan iqtisadi böhran keçirir, ona görə də bu işlərlə də qənaət eləmək istəyirlər. Amma buna ehtiyac yoxdur, Səlim Müslümov villalarından beşini satsa bu işləri həll eləmək olar. Mən pensiya yaşının qaldırlmasını düzgün hesab eləmirəm. Ona görə ki, indiki halda 63 yaş kişilər, 60 yaş qadınlardı, üstünə 5 ildə əlavə olunsa bu yaşa gəlib çatan çox az adam olur. Düzdü, hakimiyyətdə olan qocalarda var, onlar sırtılmış adamlardı. İnsana qəbirdə pensiya vermək olmur. Düşünürəm ki, kişilər üçün 65, qadınlar üçün 60 yaş olsa heç olmasa normal olar".

Mövzuya millət vəkili Vahid Əhmədov da münasibət bildirdi. O bildirdi ki, indi pensiya yaşı kişilərdə 63, qadınlarda 60 yaşdır: "Pensiya yaşının qaldırılması təklif olunub. Hələlik qanun layihəsi müzakirəyə çıxarılmayıb. Keçən ilin axırında Milli Məclidə dedilər belə təklif daxil olub. Müzakirəyə çıxarılanda bu məsələlərə baxılacaq. Ola bilər ki, qəbul olunsun və ya müəyyən təkliflər olsun və s. Qabaqcadan nə isə danışmaq istəmirəm. Çünki, müzakirələr vaxtı belə məsələlərdə problemlər olur. Yəni, müzakirə vaxtı düzəlişlərdə ola bilər".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top