Sosial şəbəkələr gənc yazarların yaradıcılığına necə təsir edir? - SORĞU

İndi hamı sosial şəbəkədə özünə görə ədəbiyyat nümunəsi yazır və dostları ilə bölüşür. Yəni, öz təfəkkürünün məhsulunu müəyyən qədər geniş kütləyə çıxarır. Bundan sonra təxminən hər peşədən olan insanların yazı ilə bağlı fikirlərini oxuyur. Bir növ yazdığının hansı səviyyədə olduğunu oxucuların (sosial şəbəkə dostları) fikirləri ilə müəyyənləşdirir. Əgər yaxşı yazı yazmaq qabiliyyəti olarsa bunun sayəsində özünün oxucu kütləsini də formalaşdırır. Amma əvvəllər belə deyildi. Yazıları indiki kimi rahat şəkildə geniş kütləyə çıxarmaq qeyri-mümkün idi. Ümumiyyətlə sosial şəbəkələr gənc yazarların yaradıcılığına necə təsir eləyir? "Yeniavaz.com" bu sualla tanınmış qələm sahiblərinə müraciət edib.

Rasim Qaraca (yazıçı, jurnalist): "Sosial şəbəkələri nəhəng okeana bənzətmək olar, gənc yazarlar öz kiçik qayıqlarında, xəritəsiz və kompassız bu okeanda üzürlər, onların batmaq ehtimalı böyükdür. Eyni zamanda, bu sərbəst məkan onlara öz əsərlərini oxuculara çatdırmaq imkanı verir. Bu cazibədən çıxmaq çətindir, insanoğlunun bu günə qədər təcrübə etmədiyi psixoloji oyunlar girib dövrəyə. Digər tərəfdən, artıq oxucu anlayışı yoxdur, çünki, o özü də artıq yazır, öz çapında bir yazıçıdır. Dolayısıyla, rəqabət böyükdür, gənc yazıçıdan daha böyük hazırlıq tələb olunur".

Kənan Hacı (şair, yazıçı): "Sosial şəbəkələr virtual ünsiyyət vasitəsi kimi insanlar üçün çox faydalıdır. Yaradıcı adamlar da bu imkanlardan yararlanmalıdır. Yazarlar burada öz oxucularını tapır, fikir mübadiləsi aparır. Amma vaxtının çoxunu buna sərf etmək də doğru deyil. Yazıçı yaradıcılığına daha çox vaxt ayırmalıdır. Ümumiyyətlə, yaxşı yazıçı həm də vaxtı düzgün bölməyi bacaran adamdır".

Səlim Babullaoğlu (yazıçı, tərcüməçi): "Mətnin yazılması və mətnin çapı, təqdimatı başqa-başqa hadisələr və mərhələlərdir. Sosial şəbəkələr bu hadisələri sanki eyniləşdirir. Gənclik enerji və tələskənlik deməkdir. Yazdıqlarını bölüşməyin tələskənliyini də nəzərdə tuturam. Amma məsələnin pozitiv tərəfi də var. Bunu isə hamı bilir".

Cəlil Cavanşir (şair, yazıçı): "Bu olduqca həssas mövzudur. Sosial şəbəkələrdən normal şəkildə istifadə edən gənc yazarlar, bu imkandan faydalanır. Amma vaxtının böyük əksəriyyətini sosial şəbəkədə keçirən yazar təbii ki, itirir".

Nəriman Abdurrahmanlı (yazıçı): "Məncə, sosial şəbəkələr gənclərə daha çox mənfi təsir göstərir. Tez gözə görünmək, populyarlaşmaq imkanları onları şirnikləndirir, yazdıqlarını cilalamadan, ədəbi sanbalı barədə düşünmədən üzə çıxrarırlar. Beləliklə, formalaşmağa vaxtları, hövsələləri qalmır. Daha çox tez-tələsik kitab çıxarmaq, təqdimatlar keçirmək, müsabiqələrdə iştirak eləmək, mükafat almaq barədə düşünürlər. Nəticədə əksəriyyəti öz yolunu və simasını tapa bilmir".

Coşqun Eldaroğlu (publisist, jurnalist): "Məncə, çox yaxşı təsir eləyir. Çünki sosial şəbəkələr, bir az da konkretləşdirsək, "Facebook" özünü ifadə eləmək üçün yaxşı imkandır, müəyyən auditoriyası olan tribunadı. Nəinki gənc yazarlar, hətta yazı-pozudan uzaq adamlar var, sosial şəbəkələrdə bədii ifadə qabiliyyətinin pis olmadığını aşkar eləyib. İndi hekayəni dərc eləsin deyə, heç kimə yalvarmırsan, birbaşa öz profilində yayırsan".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top