Xəzər Süleymanlı: "Şeir seçəndə eləsini seçmək istəyirəm ki, insanların ruhuna yaxın olsun" VİDEO

Sosial şəbəkələrin məşhurlaşdırdığı gənc istedadlardan biri də Xəzər Süleymanlıdır. Həm şair, həm də bədii qiraətçi "Yeniavaz.com" redaksiyasının qonağı oldu və suallarımızı cavablandırdı.

- Necəsiz, Xəzər bəy?

- Yaxşıyam, çox sağ olun. Hər şey yaxşıdır, şükür Allaha.

- Sizi tanıyanların sayı az deyil. Tanımayanlar üçün özünüzü təqdim edərdiniz?

- Xəzər Süleymanlı. 1989-cu ildə anadan olmuşam. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. İxtisasım dizayn sahəsidir, bu işlə bir müddət məşğul olmuşam. Tikinti sahəsində mühəndis kimi işləmişəm. Amma bununla yanaşı şeir yazmağa da davam edirdim. Sosial şəbəkələrdə də sırf şeirlərimlə bağlı tanınırdım. Son vaxtlar isə həm özümün, həm başqa şairlərdən səsləndirdiyim şeirlər vasitəsilə biraz da tanındım. Hardasa 2012-ci illərdə sosial şəbəkələrdə şeirlərim çox məşhurlaşmışdı. Həmin vaxtlarda daha çox şeir paylaşırdım, həm də ehtiyatda şeirlərim də çox idi. Bu şeirlər qurtarandan sonra, həm də fasilələrlə yazıram deyə son vaxtlar bu işdə aktiv deyiləm. Yəni, şeirlər yazdıqca paylaşıram. Tez-tez şeir yazmıram, birdə görürsən 3-4 ay ara ilə yazıram. İndi o boşluğu qiraətlə doldururam. Bu da təbliğatın bir növüdür. Təkcə öz şeirlərimi yox ümumiyyətlə poeziyaya insanların marağının artmasını istəyirəm. Bunun üçün çalışıram.

- Sosial şəbəkə izləyiciləri arasında tanınırsız. Özünüzü məşhur hiss edirsinizmi?

- Yox. Ümumiyyətlə bu barədə heç düşünmürəm. Bu fikirləri çalışıram özümdən uzaq saxlayım. Mənə görə, məşhurluğa meyl eləmək, müəyyən vaxtdan sonra psixi xəstəliyə çevrilir. Adi həyatdakı davranışlarına təsir edir, səni tanıyan, izləyən insanlara qarşı davranışda özümü göstərir. Məşhurluq deməzdim, mənim üçün indi sakitlik daha çox önəmlidir. Öz məqsədlərimə daha sakit həyat tərzi ilə çata bilərəm, işlərimi görə bilərəm. Şeirlərim və qiraətə görə ola bilər tanınıram, bunu gördüyüm işin qarşılığında qazandığım uğur kimi başa düşürəm. Məşhurluq ikinci planda qalan şeydir. Bu barədə demək olar düşünmürəm.

- Səsinə görə serial və filmə təklif olubmu?

- Serial və filmə təklif olmayıb. Amma gənc rejissorlarla müəyyən ünsiyyətimiz var. Hansısa mətnlərin səsləndirilməsi, sənədli filmlərdə və yaxud reklamları səsləndirmək üçün təkliflər olub. Düzdü, hələ ki, konkret belə bir iş görməmişik. Yəqin ki, müəyyən zamandan sonra həyata keçəcək. Ümumiyyətlə biraz məndə özümə qarşı komplekslər var. Mən hər kəsin bacardığı sahədə olmasının tərəfdarıyam. Ola bilər hansısa şairin aktyor kimi istedadı olsun, o başqa şeydi. Rejissor onu hansısa rolda, obrazda görə bilər. Mən özümü o sahə görmədiyim görə fikirləşməmişəm. Amma konkret təklif olsa sırf hansısa obrazın səsini səsləndirmə işi görə bilərəm.

- Kitab haqda danışaq, indi mütaliənizdə hansı kitab var?

- Bizim sahəmiz elədir ki, mütləq mütailə olmalıdır. Nə qədər istedadlı olsan belə, ən azından müəyyən qədər kitab oxumalısan. Nəyi yazmalısan, nəyi yazmamalısan bunun arasındakı fərqi bilmək üçün oxumaq şərtdir. Bacardığım qədər kitab oxumağa çalışıram. Hərədə bir cür olur, mən bir əsəri oxuyandan sonra çox təsir altında qalıram. Məsələn, əsərdə dənizlə bağlı vacib məqam varsa bir müddət ancaq dəniz haqda düşünəcəm. O qədər həssalıq var məndə. Ona görə də çalışıram fasilələrlə oxuyum ki, həzm edə edə oxuyum. O təsirdən çıxmq mənə çətin gəlir.

- Bədii qiraətləriniz çox sevilir. Sizcə səbəbi nədir: səsiniz yoxsa şeir seçimi?

- Hardasa 11-12 şeir səsləndirmişəm. Bunlar geniş kütləyə çıxıb. Sırf bədii qiraətdən danışsaq, bu gün internetdə də, televiziyalarda da çox qiraətçilər var. Ancaq bəzən səsləri çox gözəl olan qiraətçi bəzən çox maraq cəlb eləyə bilmir. Düşünürəm ki, bu keçmişdən, sovetdən qalan pafosla əlaqəlidir. Bu da insanları biraz şeirdən uzaqlaşdırır, şeirdə tamada ab-havası yaradır. Səsləndirdiyim şeirlərin bəyənilməsinin əsas səbəbi şeir seçimidir. Elə şeirlər var ki, həqiqətən çox gözəldir. Məsələn, Ramiz Rövşənin "Qara paltarlı qadın" şeirini səsləndirdim, mənə qədər kifayət qədər insan səslənidirb o şeiri. Ona görə mən çalışdım ki, insanlara nə isə fərqlilik olsun, yenilik olsun. Ramiz Rövşənin yaradıcılığından başqa yaxşı şeirlərdə var ki, mən onu da seçə bilərdim. Amma hər şeir qiraətə gəlmir. Şeir seçəndə eləsini seçmək istəyirəm ki, insanların ruhuna yaxın olsun. Şeirlərin bəyənilməsində səsində rolu var, şeir seçiminin də. Bundan əlavə fon musiqi seçimi və ya hansısa filmdən kadrların seçimi. Bunlar hamısı bir-birini tamamladığına görə mənə elə gəlir ki, belə uğurlu olur.

- Şeirlərini ifa etdiyiniz şairlərlə görüşürsünüzmü?

- Ramiz Rövşənin, İlqar Fəhminin, Qismətin və Aqşin Evrənin şeirlərini səsləndirmişəm. Real həyatda ancaq Aqşın Evrənlə görüşmüşəm. Aqşinlə hardasa bir ilə yaxındır münasibətimiz var. Mən deyərdim ki, müasir poeziyamızın yükünü çiynində daşıyacaq qədər istedadlı şairdi Aqşin Evrən. Münasibətimiz yoldaşlığından əlavə yavaş-yavaş dostluğa doğru keçir. O biri şairlərlə virtual münasibətimiz var.

- Sizin şeirlərinizə mahnı da bəstələnir, bu barədə danışaq.

- İlk dəfə sözlərimə yazılmış mahnını Elvin Mirzəzadə oxuyub. E.Mirzəzadə "Yeni ulduz" layihsindən tanınan müğənnidir, o vaxt kifayət qədər səs-küyə səbəb olan ifaçıdır, istedadlı insandır. Şeirimə ilk dəfə o mahnı bəstələyib, bu "Günahkaram" mahnısı idi. Yaxşı, uğurlu alındı. Ondan sonra bir neçə mahnı da bəstələndi, bunlar "Onun ürəyində özgəsi var idi", "Balıqçının üç arzusu" mahnıları. Təzəlikcə başqa yeni mahnı da bəstələndi, bu mahnıda mənim də qiraətim var. Ondan başqa bir neçə gənc müğənnilərlə belə işlərimiz olub, şeirlərimə mahnı bəstələyiblər.

Rasim Məmmədli

Xəzər Süleymanlı

DİGƏR XƏBƏRLƏR

Top