“Mən heç kəsi Allahdan çox istəyə bilmərəm”

Ədəbiyyat haqqında çox az insanla danışmaq olur. Hər insan əsər yaza bilər, ancaq ədəbiyyatı dərindən bilmək, ədəbiyyat adamı olmaq çətin işdir. Ədəbiyyat haqqında bu dəfə tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu ilə Azərbaycanda kitabsızlığın və tərcümənin vəziyyəti haqqında danışdıq.

- Siz özünüzü yazıçı kimi, yoxsa tərcüməçi kimi uğurlu ədəbiyyat adamı hesab edirsiniz?

- Bu sualı verirsinizsə, deməli hardasa, kimlərsə, “Səlim şairdirmi, tərcüməçidirmi?”, deyə mübahisələr edirlər. Əslində bu sualı mənə yox, şeir və tərcümələrimi oxuyan adamlara vermək doğru olar. Odur ki, indi icazə verin mən sizdən soruşum, siz məni daha çox tərcüməçi hesab edirsiniz, yoxsa şair?

- Şeirlərinizi daha çox oxuyuram deyə, mənim üçün daha çox yaxşı şairsiziniz.

- Təşəkkür edirəm (gülümsünür). Deməli bəzi adamlar üçün belədir, bəzi adamlar üçün isə başqa cür. Mən özümü hər iki istiqamətdə fəaliyyət göstərən peşəkar hesab edirəm.

- Redaktor olduğunuz “Kitabçı” jurnalı haqqında məlumat verərdiniz, yenilik varmı?

- “Kitabçı” jurnalı nəşrini dayandırdı. Həm mütəxəsisslərin, həm jurnalla tanış olan sıravi oxucuların dediyinə görə yaxşı jurnal idi. Məzmun nöqteyi-nəzərdən, konsepsiya nöqteyi-nəzərdən, eyni zamanda poliqrafiya nöqteyi-nəzərdən. Eyni zamanda poliqrafiyası ucuzlu deyildi. Və jurnal alınmalı idi ki, onun nəşri dayanmasın. Amma qlamur mətbəx və moda jurnallarına öyrəşmiş insanlarımız “Kitabçı”nı çox oxumaq istəmədilər. Xərci borcunu ödəmədi deyə, jurnalın təsisçisi, ATV-nin prezidenti, hörmətli Vüqar Qaradağlı ilə qərara gəldik ki, jurnalı saxlayaq, gücü verək “ATVkitab” seriyasıdan olan kitablara. O kitabları nəşr edək. Bu yaxınlarda İnşallah növbəti kitabımız nəşr olunacaq.

“Çalışıram ki, şəxsi hisslərimi çox da biruzə vermiyim”

- Səlim Babullaoğlunu necə təsəvvür etmək olar, ciddi bir insan yoxsa mülayim, duyğusal?

- Özüm üçün maraqlıdı. Kənardan necə təəssürat yaradıram?

- Səmimi, humanist...

- Düzünü desəm duyğusal sözündən xoşum gəlmir. Bizim əlimizə tikan batanda ufuldayırıq. Duyğularımız, hisslər əndazəsində normaldır. Əndazəni isə bizim qəlbimiz və tərbiyəmiz müəyyənləşdirir. Duyğusallıq və sentimentallıq barədə məşhur tərif belədir: “Sentimentallıq bir insanın başqa bir insanı Allahdan daha çox sevdiyini düşünməsidir...” Bu gülüncdür. Mən heç bir kəsi Allahdan çox istəyə bilmərəm. Əlbəttə mən öncə yaxınlarımı, sonra çevrəmdə olan insanları çox istəyirəm. Çalışıram ki, şəxsi hisslərimi bir elə biruzə verməyim. Hərçənd deyirlər əsəbi və deyilənə görə, həssas adamam. Bu sualın da doğru cavabı mənə aid deyil?

- Hər bir yazıçı özündən əvvəl gələn yazıçıları oxuyub örnək götürür. Belə deyək hər bir yazıçı özündən əvvəlki yazıçılardan təsirlənir. Bəs sizdə belə bir hiss olubmu, məşhur bir yazıçıdan təsirlənib yazmısınızmı?

- Mən oxuduğum bütün mətnlərdən və hamıdan, hər bir şeydən təsirlənmişəm. Kimindən yazmağı, kimindən elə yazmamağı öyrənmişəm. Ruzbeh, məsələn, mən siz olan otağa girib çıxıram və deyirəm ki, sizi görmədim... Bu nə qədər düz olar? Olmaz əlbəttə. Bu mənada təsirlənməmək pis bir şey olardı. Mən hər gün oxuduğum mətndən təsirlənirəm. Cavanlardan da, həmyaşıdlarımdan da, klassiklərdən də... Öyrəndiyim şairləri isə sadalaya bilərəm. Apoliner, Müşfiq, Nazim Hikmət, Cavid, Vurğun, Vaqif Səmədoğlu... Bordski... və sair, və sair, və sair...

- Peşəkar ədəbiyyat adamı kimi, sizi qane etməyən nədir, gəncləri oxuyursunuzmu?

- Mən hamını oxuyuram, fikrimcə istedadlılar gözümdən qaçmır. İndiki ədəbiyyatımızda yox, bütövlükdə indiki cəmiyyətimizdəki antiislami və antidini meyillər ürəyimcə deyil. Bu platformada olan adamların aqressiyası məni təəssüf hissi keçirməyə məcbur edir. Ələlxüsus, sözlə məşğul olan adamların sırasında belələrinin olması mənim üçün ikiqat ağırdır. Çünki söz hər gün və hər saniyə baş verən, yoxdan var olan möcüzədir. Peşəsi bu möcüzəyə bağlı olan adamların belə mövqeyi mənim üçün həm də anlaşılmazdır. Dərin təəssüf hissi yaradır.

- Antiislam, inamsızlıq demiş, sosial şəbəkədə statuslarınızın birində yazmışdınız ki, antidini çıxış edənləri dostluğumdan siləcəyəm.

- Bəli, elədir, buna əməl edirəm.

“Dünya xalqları ədəbiyyatının tərcümə işində bir sistemsizlik mövcuddur”

- Qayıdaq ilk sualımızda dediyimiz kimi tərcüməyə. Azərbaycanda tərcümənin vəziyyəti necədir, son illər ümümi vəziyyət?

- Tərcümə sahəsində ilbəil yaxşılaşma sezilir. Xüsusən kəmiyyətcə. Ancaq hələ də sistemsizlikdir. Məsələn, götürək İran ədəbiyyatını. Bizim qonşumuzdur İran. Elə hesab oluna bilər ki, İran ədəbiyyatını bilirik. Çünki vaxtaşırı ordan üç-beş müxtəlif kalibrli ədəbiyytaçılar gəlir. Amma elə deyil, bilmirik. Məsələn, baxın, mən əlimdə Bədii Tərcümə Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin bir sayını tutmuşam, “İran ədəbiyyatı” xüsusi sayını, bunu sizə hədiyyə edəcəyəm. Görmüşdünüz?

- Yox, indi gördüm, çox sağ olun!

- Ruzbeh, halbuki İran qulağımızın dibindədir. Biz isə İran ədəbiyyatını bilmirik. Biz İran ədəbiyyatını bilməliyik. Birinci növbədə onlar bizim qonşularımızdır, ikinci bir səbəb fars ədəbiyyatı və fars mədəniyyətindən bizə də pay çatır. Biz özümüz o ədəbiyyata böyük töhfələr vermişik, verməkdəyik. Amma bilmirik. Özü də bizim şərqşünaslıq, iranşünaslıq məktəbimiz güclüdür, mütəxəssislərimiz var. Amma XX yüz il yeni İran ədəbiyyatdan xəbərimiz varmı? Odur ki, ilk dəfə biz böyük həcmdə “İran ədəbiyyatı” kitabını çap etdik. Seyfəddin Hüseynli, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, çox yaxşı komanda formalaşdırıb, uğurlu bir say idi. Mən dostum, bizim görkəmli şərqşünas Məsiağa Məhəmmədiyə təşəkkür edirəm. O bizə bu işdə yaxından kömək elədi. Mən hələ bir İranı dedim. Dünya xalqları ədəbiyyatının tərcümə işində bizdə ciddi sistemsizlik mövcuddur.

- Şeirləriniz yeni üslub xarakterinə görə seçilir, oxucular başa düşürmü?

- Sual varsa, deməli hər iki hal var. Başa düşüləni var, başa düşülməyəni də olur, ümid edirəm ikincilər azdır...(gülür). Hərçənd mən belə düşüncəyə qarşıyam ki, oxucu anlamaya bilər. İdeal oxucu modeli varsa, o yazıçıdan həmişə ağıllıdır. Həm də ona görə ki, yazıçının özü də oxucudur. Şəxsən mənim bir mətni dörd-beş dəfə oxuduğum olub. Deyək ki, Eliot... Eliotun bir şeirini beş dəfə oxumuşam. Mənim başa düşməməyim, mənim günahımdır. Klassik musiqi var, pop musiqi var, yeni musiqi var. Riyaziyyat da elədir. Hesablama var, cəbr var, ali riyaziyyat var, fəzalar həndəsəsi var və s.

“Azərbaycanın əksəriyyət rayonlarında kitab mağazası yoxdur”

- Sovet nəşrli kitabların əlli mindən artıq tirajla çap edildiyini götürəndə, indi bu rəqəm minə çatmır. Yazıçı, şair bilir ki, kitabı satılmayacaq. Ona görə də yazarlar oxuculardan narazıdırlar, oxucu olmadığını deyirlər. Siz də oxucudan, oxunulmamaqlıqdan şikayət edirsinizmi, bu qədər ciddi problem varmı bizdə?

- Var! Bir dəfə televiziyaya müsahibəmdə demişəm.Yardımlıdan gələndə yolun kənarında dayandıq. Gözəl mənzərəli yer idi. Düşdük ki, ayaqlarımız açılsın. Bir cavan oğlan bizə yaxınlaşdı çiynində dəryaz. Soruşdu ki, siz Səlim Babullaoğlusuz?! Dedim, bəli. Dedi mən sizi tanıyıram. Mən sizin kitabınızı necə ala bilərəm? Dedim, Vallah təəssüf ki, üstümdə yoxdur, olsaydı hədiyyə edərdim. Məlum oldu ki, Yardımlıda kitab mağazası yoxdur. Azərbaycanın əksəriyyət rayonlarında kitab mağazası, satış şəbəkəsi yoxdur. Kitab mağazası, satış şəbəkəsi olan yerlərə müasir ədəbiyyat gedib çıxmır. Əgər hər rayonun kitab satış nöqtələrindən Səlimin beş kitabı alınsa, bu ölkə üzrə beş yüz edər, yəqin. Üstəgəl Bakı. Demək 1000 kitab alına bilər də. Onsuz da şeir bundan artıq oxunmur. Mən oxucudan şikayətlənmirəm. Təklif olunmalıdır ki, o da görsün təklif var. Hardan getsin alsın? Eyni bir şey bir dəfə də Gəncədən gələndə oldu. Bizə qulluq edən ofisant qayıdıb dedi ki, mən sizi tanıyıram, kitabınızı necə əldə edə bilərəm?. Bilmədim nə deyim. Xeyr, məni kütləvi oxumurlar. Amma, oxuculara kitab təklif etmək lazımdır.

- Klassik ədəbiyyat, çağdaş ədəbiyyatı, maraq indi hansına daha çoxdur?

- Belə deyək, bir yapon şairi ustad şair cavan şairlərə bunu məsləhət görür: “Ustadların yolunu öyrənin, özünüz onların yolu ilə getməyin”. Necə dediklərini, nə dediklərini öyrənin, amma onlar kimi deməyin. Yəni özünüz olun. İstər vizual şeir olsun, istər modernist şeir olsun, heca şeir olsun, sujetli şeir olsun bunların kökü klassik şeirlərimizdə var və onu öyrənmək lazımdır. Klassiklərimizdən öyrənməli olduğumuz şey dinə, Allaha doğru-dürüst münasibətdir həm də.

- Elə əsərlərlər var bir-iki vərəq oxuyursan, əsər adamı yorur, yenidən qayıdıb onu oxumaq istəmirsən. Sizin oxuya bilmədiyiniz belə əsər varmı?

- Mənim praktikamda belə kitab olmayıb. Bir kitabı başlayım oxumağa onu yarıda qoyum, belə bir şey olmayıb. Yorulduğum, əlimdə kitab yuxuladığım vaxtlar olub, əsərdən bezməyim isə mümkün deyil!.

Söhbətləşdi: Ruzbeh MƏMMƏD

DİGƏR XƏBƏRLƏR

Top