Azərbaycanda inanılmaz HƏKİM SƏHVLƏRİ - Oxuyun və nəticə çıxarın

Hər il Azərbaycanda həkim səhvləri ilə bağlı mətbuatda, sosial şəbəkələrdə çoxlu sayda məlumatlar yayılır. Bu səhvlər nəticəsində həyatını itirənlər də olur, sağlamlığından olanlar da. Ayrı-ayrı vaxtlarda yayılan bu məlumatların bəziləri bəlkə də çox diqqət çəkmir. Yeniavaz.com saytı həkim səhvləri ilə bağlı məlumatları təqdim edir.

Bir müddət öncə Mingəçevir şəhər sakini Südabə Əbdiləzimova Tovuz Rayon Mərkəzi Xəstəxanasında uşaqlıq nahiyəsindən əməliyyat olunub. O, bu əməliyyatdan sonra da həmin nahiyədə ağrılar hiss edib. Müayinə zamanı orada bint bükümünün qaldığı aşkarlanıb. Buna görə də, Südabə Əbdiləzimova yenidən əməliyyat keçirməli olub. Həkim ikinci dəfə də əməliyyatdan sonra səhvə yol verdiyini etiraf edib.

Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpə həkim səhvi ucbatından ölüb. Valideynləri uşağın həkim səhvi ucbatından öldüyünü iddia ediblər. Onların sözlərinə görə, həkimlər uşağın bağırsaqlarını səhv yuyublar. Kortəbii aparılan müalicə nəticəsində onun bağırsağına normadan artıq su yeridilib. Nəticədə uşağın bağırsağı zədələnib və qanaxma baş verib.

Sabirabadda əməliyyat zamanı səhlənkarlıq baş verib. Bir il əvvəl əməliyyat edilən xəstənin bədənindən yad cisim çıxıb. Rayon Mərkəzi Xəstəxanasında uşaqlığından əməliyyat edilən Zeyniyeva Əsli qarın nahiyyəsindəki küt ağrılar səbəbindən Respublika Kliniki Xəstəxanasına müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb.

Zeyniyeva Əslini Bakıda əməliyyat edən həkim Pənah Hüseynov bildirib ki, qadının kor bağırsaq nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyərək bağırsağa da mənfi təsir göstərib.

Bir müddət öncə həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsmişdi. Xəstənin nəvəsi Zaur Hüseynov bildirmişdi ki, nənəsi - şəkərli diabet xəstəsi olan Tərlan Məmmədova sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib.

Üç yaşlı nəvəsi ölən Elman Əliyev də həkimlərdən şikayətçidir. Uşağın ölümündə həkimləri günahlandıran E. Əliyev onların həbs olunmasını istəyir: "Uşağın atası Samir Novruzov iki il öncə avtomobil qəzasında dünyasını dəyişib. Ailəmin yadigarı idi, nəvəmin ölümünü onlara bağışlamayacağam".

O, nəvəsi Səkinəni həkim səhlənkarlığı üzündən itirdiyini deyib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cərrahı Çingiz Həsənov ayağı qırılan xəstəni əməliyyat edərkən səhvən arterial damarı kəsib. Qanaxma nəticəsində rayonun Qiyaməddinli kənd sakini, 59 yaşlı Zahid Quliyev həyatını itirib. Mərhumun qardaşı Əmrah Quliyev deyib ki, ayağı sınana qədər Z. Quliyevin heç bir xəstəliyi olmayıb.

Özəl klinikaların birində süd vəzisinin ölçüsünü kiçildən gənc qız türk həkim Zubeir Orter tərəfindən edilmiş uğursuz əməliyyatın qurbanı olub. Toyuna bir neçə həftə qalmış bu əməliyyatı etdirən xanım sarğını açdıqdan sonra dəhşətli faktla qarşılaşıb.

Xanımın süd vəzinin ölçüsü nəinki kiçilib, daha dəhşətli görkəm alaraq süd gilələrindən irin gəlib.

Sevinc Mirzəyeva adlı xanıma isə Sumqayıtda yerləşən özəl klinikaların birində həkim Şaban Əhmədov tərəfindən səhv diaqnoz qoyulub və buna görə onun yumurtalıqları və uşaqlığı çıxarılıb. Onun sözlərinə görə, əməliyyat iki il öncə olsa, o, bu yaxınlarda həkim tərəfindən aldanıldığını başa düşüb: "Bu yaxınlarda həmin klinikada burun əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra burnumda qanama var idi. Həkimə dedim ki, məndə xərcəng xəstəliyi olub, onunla bağlı ola bilərmi bu qanama? Həkim isə mənə: "Qızım, nə danışırsan, sənin bütün analizlərin mənim əlimdədir, səndə heç vaxt xərcəng olmayıb", - dedi. Daha sonra Türkiyə və İrana getdim, orada da eyni sözləri dedilər mənə", - deyə Sevinc Mirzəyeva bildirib.

37 yaşlı qadın evli olduğunu və ana olmaq istədiyini vurğulayıb: "Həkim məni bir ömür boyu şikəst qoyub".

Nərimanov rayonunda qadın həkimin səhvi ucbatından şikəst qalıb. Nəbiyeva Rəfiqə Hacıbala qızı Nərimanov rayon məhkəməsinə müraciət edərək bildirib ki, 4 saylı Şəhər Poliklinikasının terapevt cərrahı onu müalicə etdikdən sonra sol əlinin 2 barmağı işləmir. Bununla bağlı qadın 37 min manatlıq mənəvi, 10 min ABŞ dollarlıq isə maddi ziyan iddiası qaldırıb.

Həkimlərin diqqətsizliyi xəstə üçün ağır nəticələnib. 50 yaşlı Yaşar İsayev belə iddia edib.

Hadisə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasında baş verib. Müalicə edilmək üçün xəstəxanaya gələn Yaşar İsayev vurulan iynələrdən infeksiyaya yoluxub.

Bakıda "Grand Hospital"da əməliyyat edilən 20 yaşlı qızın həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyi iddia edilir. Belə ki, damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anjio olunub. Xəstəxanada çalışan invaziv radioloq qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub.

3 gün komadan çıxmayan Ayşən Mirzəyeva dünyasını dəyişib.

Müğənni Nazim Pişiyari bir müddət öncə "Elmed" Tibb Mərkəzində cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra müğənni İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim" onu əməliyyat edən həkimin səhv diaqnoz qoyduğunu və ciddi cəzalandırılmasını tələb edib. O bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top