"Artur Rasizadə və onun yaşlı müavinlərinin istirahətə getməsinin vaxtıdır"

"Hamının qulağı səsdə, gözü yoldadır ki, görəsən, bizim ölkənin yeni formalaşacaq hökumət komandasında kimlər təmsil olunacaq və kimlər Azərbaycanın qarşıdakı illərində üzləşə biləcəyi problem və qayğı yükünü öz çiyinlərinə ala biləcək? Ölkə başçısının qəbul edəcəyi qərarlara hörmətlə yanaşmaqla yanaşı, hesab edirəm ki, çox tarixi bir məqamdır ki, doğru, düzgün və ən əsası işlək bir hökumət komandası formalaşsın". Yeniavaz.com xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, belə komandanın olacağı təqdirdə, dövlət başçısının üzərinə düşəcək yüklərin sayı xeyli azalacaq, onun daha böyük, daha vacib məsələlərlə məşğul olması üçün imkanları genişlənəcək: "Azərbaycana savadlı, bacarıqlı və zamanla ayaqlaşa bilən çox güclü bir hökumət başçısı lazımdır. Mən hesab edirəm ki, artıq sabiq Baş nazir və bu gün bu vəzifələri icra edən hörmətli Artur Rasizadə və onun yaşlı müavinlərinin istirahətə getməsinin vaxtıdır. Göstərdikləri yaxşı-pis xidmətlərə görə, onlara təşəkkür edib, istirahətə-təqaüdə yollamaq vacibdir. Şəxsən mən çox təəssüf edirəm ki, son vaxtlar cəmiyyətimizdə yaranmış bir qədər əsəbi, bir qədər emossional vəziyyətin yaranmasına görə ən böyük məsuliyyəti daşıyan qurumlardan biri və bəlkə də birincisi Nazirlər Kabinetidir. Onun zamanla, reallıqlarla uzlaşmayan, daha çox köhnə sovet idarə üsullarını bacaran, bunun içərisində çox neqativlər olan əməlləri də xüsusi olaraq önə çəkən məmurları yeni hökumətdə təmsil olunmamalıdırlar. Azərbaycanın kifayət qədər savadlı, bacarıqlı kadr potensialı var. Ölkə başçısı özünə İŞLƏK, savadlı bir hökumət komandası formalaşdırsa, vallah, Azərbaycanın uğurları qısa müddətdə bütün sahələrdə özünü dünya miqyasında göstərəcəkdir. Ona görə də, mən çox istərdim və çox arzulayıram ki, dövlət başçısı dünənki xidmətlərinə görə deyil, sabah Vətənimizə verə biləcək faydaya və xeyirə görə yeni bir komanda formalaşdırsın. Elə yeri gəlib onu da qeyd edim ki, bu gün vəzifələrini icra edən bəzi nazirlər, hansıların ki, bu illər ərzində cəmiyyətdə kifayət qədər neqativ, mənfi obrazları formalaşıb - səhiyyə, təhsil, sosial məsələlər və daha bir neçəsi, üzü sulu dövlət başçısından xahiş etsinlər ki, onları yeni komandaya daxil etməsin. Hərçənd ki, bu addımı mən onlardan gözləmirəm, amma hesab edirəm ki, ölkənin həssas sahəsi sayılan yerlərə daha cavan, daha bacarıqlı kadrlar təyin edilsə, nəticə də özünü qısa bir zamanda göstərəcək".

Ən sonda, onu da qeyd edim ki, yaxın vaxtlarda icra strukturlarında təmsil olunan - Prezident Adminstrasiyasından tutmuş ta aşağıya kimi, bir çox vəzifəli şəxslər də vəzifələrindən tədricən uzaqlaşdırılmalıdırlar ki, Azərbaycan qarşıdakı illərdə bir çox məsələlərin öhdəsindən layiqincə gələ bilsin. Sonda bir məqamı da qeyd edim - bəzilərində sual yarana bilər ki, nədən hərbçi olaraq mən güc strukturları ilə bağlı hansısa təklif və ideyalarımı bölüşməmişəm? Qısaca onu deyim ki, bu sahə çox spesifik və həssas olduğuna görə, ələlxüsus da Qarabağla bağlı yaxın dönəmlərdə çox ciddi məsələlərin gündəmə gələcəyindən dolayı ölkə başçısı, eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanı özü yəqin ki, kimin kim olduğunu bilir və özü də lazım olan qərarı qəbul edəcəkdir"-deyə hərbi ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top