Bakıda 20 manata görə qan töküldü - Leytenant bıçaqlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində 32 yaşlı Asif Salahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesə hakim Ənvər Seyidov sədrlik edib.

İttihama görə, Asif Salahov həmkəndlisi Həsənağa Əliyevdən aldığı göyərçinlərin xəstə olması səbəbindən geri qaytarıb və pulunu istəyib. Bununla bağlı onların arasında mübahisə düşüb. Mübahisəni davam etdirmək üçün dəniz kənarına - "Çınqıllıq" adlanan əraziyə gəliblər. A.Salahov cibindın çıxartdığı bıçaqla Həsənağaya iki dəfə zərbə endirib.

Təqsirləndirilən Asif Salahov ifadəsində başını qatmaq üçün göyərçin saxladığını, Sabunçudakı bazardan göyərçin aldığını, yaxşı müştəri düşəndə satdığını deyib. Bilgəh qəsəbəsində onun göyərçin alıb-satdığını hamı bilirmiş. Hadisədən bir neçə gün əvvəl kənd uşaqları ona Həsənağanın göyərçin satdığını deyiblər: "Həsənağanı 20 ilə yaxındır tanıyıram. Ona zəng vurub göyərçin satıb-satmadığını soruşdum, satdığını dedi. Danışıb görüşdük. 20 manata 5 göyərçin alıb evə qayıtdım. Göyərçinləri quş damına qoyub yatdım".

Ertəsi gün quşlara baş çəkməyə gələn A.Salahov Həsənağadan aldığı göyərçinlərdən birinin öldüyünü görüb. Zəng vurub quşların xəstə olduğunu, birinin isə öldüyünü, gətirib qaytarmaq istədiyini deyib. Həsənağa "qaytarmaq istəyirsən, qaytar, amma sənə qaytaracaq pulum yoxdur" deyib. Həm ölmüş göyərçini, həm də qalanlarını götürüb Həsənağagilə yollanıb: "Ölən göyərçini küçə qapılarının ağzına, diriləri isə Həsənağaya verdim. Mənə "satıb pulunu verərəm" dedi. Razılaşmadım, indi qaytarmasını tələb etdim, mübahisəmiz düşdü, söyüş söydü. Səs-küyə yığışan adamlar araya girib bizi dalaşmağa qoymadılar".

Hərəsi öz maşınına əyləşib, mübahisəni dəniz kənarında davam etdiriblər. A.Salmanovun ifadəsinə görə, Həsənağanın onu vuracağından ehtiyat edərək, cəld tərpənib: "Bıçaqla ayağından vurdum. Qaçıb maşına mindim, oradan uzaqlaşdım. Gecəni səhərə kimi dənizkənarında qaldım. Ertəsi gün günorta saatlarında polis maşınlarının dəniz kənarında gəzdiyini görüb evə qayıtdım. Polislər məni evdən götürüb polis bölməsinə apardılar. Həsənağanı öldürmək niyyətim olmayıb. Onun məni döyəcəyindən ehtiyat etmişəm, qorxub bıçaqla vurmuşam".

Zərərçəkmiş Həsənağa Əliyev ifadəsində göstərib ki, son vaxtlar göyərçinlərə baxa bilmədiyi üçün onları satmaq qərarına gəlib. Həmkəndlisi Asiflə də mübahisəyə səbəb elə bu olub: "Məktəbin qarşısında görüşdükdə "sən xəstə quşları mənə vermisən" dedi. Ona dedim ki, özün seçib götürmüsən, istəmirsən, qaytar, pulunu al. Bu sözdən sonra Asif "forma geyinmisən, formana güvənirsən" deyib nalayiq ifadələr işlətdi. Hərbi geyimimi (zərərçəkmiş Həsənağa Əliyev Daxili Qoşunların baş leytenantıdır - red.) təhqir etdiyinə görə onunla dəniz kənarında söhbət etməyi qərara aldım. Asif də razılaşdı. Asif öz maşınına, mən də öz maşınıma minib dənizkənarına - kimsəsiz yerə getdik. Qapını açıb maşından düşmək istədikdə Asif pəncərədən özünü salona soxub sol ayağıma ardıcıl zərbələr endirdi. Maşından düşməyə imkan vermədi. Ayağımdan qan axdığını görüb qayışla bağladım, maşını birbaş evə sürdüm. Bundan sonra Təcili Tibbi Yardımın köməyilə Hərbi Hospitala aparıldım".

Məhkəmənin hökmü ilə Asif Salahov 3 il müddətinə azadlıqdan məhrum edilib.virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top