Sahibkarlardan tutulan 1%-lik nağdlaşdırma vergisi qanunsuzdur - MƏHKƏMƏ QƏRARI


Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədova Vergilər Nazirliyinə qarşı iddiamı təmin edərək məndən tutulan 1%-lik nağdlaşdırma vergisinin qaytarılması haqda qərar verdi. Yeniavaz.com xəbər verir ki, bu barədə maliyyə sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib. Hüquqşünas deyib ki, nazirliyin nümayəndəsi apellyasiya şikayəti verəcəklərini bildirdi: "Xatırladıram ki, bu iddianı hələ 1 il əvvəl vermişdim. O zaman həm bu məhkəmə, həm də Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi. Lakin Ali Məhkəmə onların qərarını ləğv etdikdən sonra işə yenidən baxıldı. İşin mahiyyəti belədir. 2017-ci ildən Vergi Məcəlləsinə əsasən fərdi sahibkarların və hüquqi şəxslərin bank hesabından nağd pul çıxarmasına görə 1%-lik vergi ödənilməlidir. Bu verginin 6 əsasla qanunsuz və absurd olması haqda dəfələrlə yazmışam. Bu gün iddiam təmin edildi. Beləliklə, sözügedən verginin qanunsuzluğu təsdiq olundu. Qərar qüvvəyə minsə, nəinki məndən, ümumiyyətlə, bu 15 ay ərzində digər şəxslərdən də tutulmuş həmin vergi geri qaytarılmalıdır. Ümid edirəm ki, belə də olacaq. Bütün inkişaf etmiş ölkələrdə hüquqi dövlət ilk növbədə vətəndaşların vergi məsələləri üzrə mübarizəsi nəticəsində qurulub. Biz də bu yolun başlanıcığındayıq..."

DİGƏR XƏBƏRLƏR

Top