Hər il əsgərlərə bayramlarda sürpriz edən iş adamları, tanınmışlar - SİYAHI

Hər il Novruz, Yeni il, Qurban bayramları ərəfəsində "N" saylı hərbi hissələrə müxtəlif təşkilatlar tərəfindən bayram sovqatları aparılır. Yeniavaz.com xəbər verir ki, Azərbaycanlı milyarder Fərhad Əhmədovun bugünlərdə "N" saylı hərbi hissələrə bayram sovqatı göndərməsi xəbəri cəmiyyətdə xoş ovqatla qarşılandı, sosial şəbəkələrdə təşəkkür şərhləri yazıldı.

Məlumat üçün bildirək ki, Göyçay rayonunda fəaliyyət göstərən "AzNar" QSC-nin zavodunda istehsal olunan müxtəlif çeşiddə meyvə şirələri, eləcə də qoyun əti, müxtəlif ərzaq məhsulları və bayram şirniyyatları yük avtomobili vasitəsilə cəbhə bölgəsindəki hərbi hissələrə çatdırılıb. On yeddi tondan çox qida məhsulları ön xətdə düşmənlə üz-üzə dayanan əsgərlərə paylanılıb.

Cəmiyyətin bu mövzuda həssaslığını və rəğbətlə qarşılanmasını nəzərə alıb kiçik bir araşdırma apardıq və bayramlarda hansı iş adamlarının, vəzifəli şəxslərin, dövlət və özəl təşkilatların, təhsil müəssisələrinin hərbi hissələrə bayram sovqatı apardıqlarını dəqiqləşdirməyə çalışdıq.

Hərbi hissələrə bayramlar ərəfəsində tez-tez yardımlar aparan şirkətlər arasında "AzNar" QSC-dən başqa, adı tez-tez çəkilənlərdən biri də "Veysəloğlu" Şirkətlər Qrupudur. Şirkət hərbiçilərə hədiyyələr və bayram sovqatları təqdim edir.

Azərbaycanın ən tanınmış şirkətlərindən olan "Cahan Holdinq"in rəhbəri də tez-tez əsgərlərə bayram sovqatı göndərir. Şirkət tərəfindən əsasən Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgərlərə bayram sovqatı göndərilir.

Azərbaycanın ən böyük şirkətlərindən olan "Azərsun Holdinq"in hərbi hissələrə bayram sovqatı göndərməsi ilə bağlı internetdə məlumatlara rast gəlmək olmur. Lakin şirkət başqa bir faydalı iş görməklə hərbçiləri sevindirən addım atıb. Belə ki, bir müddət öncə şirkətlər Qrupu Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsi üçün təmənnasız olaraq "Samur" sərhəd zastavası kompleksi inşa edərək, şəxsi heyətin istifadəsinə verib.

Millət vəkilləri arasında hərbi hissələrə tez-tez üz tutanlar arasında Qənirə Paşayevanı xüsusi qeyd etmək olar. Qənirə xanım əsgərlərlə görüşür, onlara bayramlarda sovqat paylayır. Tovuz rayonundan millət vəkili seçilən Qənirə xanım rayonda yerləşən hərbi hissələrdə İcra Hakimiyyətinin keçirdiyi tədbirlərdə aktiv iştirak edir.

Gədəbəy seçki dairəsi üzrə deputat Sevinc Hüseynovanın da bayramlar ərəfəsində Gədəbəydəki "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüşdüyü, onlara hədiyyələr təqdim etdiyi bildirilir.

Təhsil ocaqları arasında da əsgərlərimizə tez-tez sovqatlar göndərənlər var. Bunlara misal olaraq Naxçıvan Dövlət Universitetini, Sumqayıt şəhərində yerləşən 28 saylı tam orta məktəbi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksini qeyd etmək olar.

Hərbi hissələrə müxtəlif vaxtlarda bayram sovqatı göndərən İcra Hakimiyyətlərindən Səbail, Füzuli, Zərdab, Abşeron, Tərtəri qeyd etmək olar. Hərbi hissələrə bayram hədiyyəsi göndərən dövlət təşkilatları arasında bəzi rayonların Regional Mədəniyyət və Turizm idarələri də var.

Bəzi müğənnilər də hərbi hissələrə üz tutur, konsertlər verirlər. Bunlardan Faiq Ağayevi, Azərini, İlqar Muradovu, Damlanı, Mənzurə Musayevanı, Rəqsanəni qeyd etmək olar.

Maraqlıdır ki, Azərbaycan əsilli milyarder, bir vaxtlar ən məşhur müğənnilərə milyonlar xərclədiyi bildirilən Telman İsmayılovun heç olmasa bir dəfə də olsa, hərbi hissələrə yardım göndərməsi barədə internetdə məlumata rast gəlmək mümkün deyil.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top