Ən çox kredit hansı sahəyə ayrılıb? - SİYAHI

Ötən ayın əvvəlinə olan məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 38,8%-nə bərabər olub. Bu növ kreditlər üzrə kəskin azalma baş verib. Ötən ilin fevral ayının əvvəlindən ötən 12 ay ərzində istehlak kreditlərtinin həcmi 1 milyard 5,2 milyon manat azalaraq 4 milyard 522,8 milyon manata düşüb.

Bundan başqa ümumi kreditlərin 2 milyard 33,1 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb. Son 12 ay ərzində bu sektora qoyulan kreditlərin həcmi 280,3 milyon manat azalıb. Verilən kreditlər azalsa da, bu sektorun ümumi kredit portfelindəki payı 14,6%-dən 17,4%-ə yüksəlib.

İnşaat və əmlak sektoruna isə 546,2 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin də həcmi ötən ilini fevral ayının əvvəlindən 3,5 dəfə və ya 1 milyard 365,4 milyon manat aşağı düşüb. Bu azalma ilə bərabər ümumi kredit portfelindəki payı da 12%-dən 4,7%-ə düşüb.

Nəqliyyat və rabitə sektorunun maliyyələşdirilməsinə 1 milyard 120,4 milyon manat kredit ayrılıb ki, bu da ötən ilin fevral ayının əvvəlindən ötən 12 ay ərzində 149,3 milyon manat azalma deməkdir. Nəqliyyat və rabitə sektoruna yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı ötən ilin fevral ayının əvvəlindəki 8%-dən 9,6% səviyyəsinə yüksəlib.

Sənaye və istehsal sektoruna isə banklardan 621,4 milyon manat vəsait cəlb edib. Bu, ötən ilin fevral ayının əvvəli ilə müqayisədə təxminən 2 dəfə və ya 644,2 milyon manat azdır. Sektorun ümumi kreditləşmədə payı isə 7,9%-dən 5,3%-ə enib.

Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 449,2 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği cəmi 100 min manat azalıb. Ümumi kredit portfelindəki payı 2,8%-dən 3,9%-ə yüksəlib.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 305,7 milyon manat ayrılıb. Bu isə ötən ilin fevral ayının əvvəli ilə müqayisədə 110,3 milyon manat azdır. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı isə ötən ilin fevral ayının əvvəlindəki 2,6% səviyyəsində qalıb.

Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1 milyard 707,8 milyon manat borc verib. Bu, son 12 ay ərzində 11,7 milyon manat artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı isə artıb - 10,4%-dən 14,7%-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top