Əsrin qadını

Qadın anadır, Cənnət ayaqlarının altında olandır. O ən gözəl təriflərə layiqdir. Qadın xanımdır, gözəlliyindən tutmuş daxili aləminə qədər evinin hüzurlu olması üçün bir çilçiraq misalı dönüb-fırlanıb işıq saçan xanım. Qadın uşaqdır, istər kiçik bir qızcığaz olub atasının əlindən tutaraq, istər ər evinə köçərkən qollarını atasının boynuna salaraq ağlayan bir uşaqdır. Körpələrini böyüdərkən qadın həm anadır, həm uşaqdır, həm xanımdır. İç genişliyi ilə analıq vəzifəsini öhdəsinə götürən, qəlbində bütün övladlarına eyni qədər yer ayıran, bütün insanlığı sevəcək qədər qəlbi geniş olan, kiçik bir uşaq kimi övladlarının sevincinə sevinən, kədərini kimsəyə bildirmədən gizlətməyi bacaran ana. Övladının ilk mürəbbiyəsi , ilk müəlliməsi olan ana. Hər bir insanın gedib dizinin dibində oturub öyüd-nəsihət alacağı mehrabdır ana. Ana əlinin sehri ilə şəfa tapar xəstələr. Dərdlilər dərdin yükündən onun yanında qurtula bilər.

Övladlarını atasız, tərbiyəli, əxlaqlı, cəmiyyətə xeyirli şəkildə bəxş edə bilən ana onu illər əvvəl sevinc göz yaşları ilə dünyaya gətirmişdi çəkdiyi bütün ağrı-acını unudaraq. İndi isə onu gənc yaşda qara torpağa qurban verən eyni ağrı-acılı, gözü yaşlı ana. Şəhidinin yerinin ən gözəl yer olduğu ümidi ilə həyata tutunan ana.

O ana ki, övladının qatilini bağışlayacaq qədər mərhəmətli, insanlığa dərs verə biləcək qədər məğrur. O ana ki, sinəsini qabağa verərək qılıncı əlinə alıb at belində döyüşən.

Səhərin gözü açılmamış gözünü açan, hamıdan sonra gözünü yuman, qızlarına, gəlinlərinə nümunəvi ana. Əlləri qabar olmasına baxmayaraq milçənin, iynənin, sapın, qələmin, kağızın, fırçanın, boyanın birləşməsindən ən gözəl əsərlər ərsəyə gətirən qızıl barmaqlarına qurban olduğumuz, əllərini öpüb gözümüzün üstünə qoyduğumuz ana.

İllərlə Nigar xanım kimi

“Necə baxım ev-eşiyə,

Yaralı könlüm üşüyə.

Toz bürümüş boş beşiyə,

Şirin layla çalan yoxdu.”

deyə-deyə övlad həsrətini qəlbində basdırmağa çalışan, lakin bunu istəməyərək də olsa bacara bilməyən “ana”. Bəli, Ana. Çünki, o , mənəvi övladını öz qəlbində dünyaya gətirib böyüdürdü. Və onun kimi neçə analar. Öz övladı olmayana “ay oğul!” deyə bağrına basan ana.

Qadın-hər addımı söz olan, həyatı əsər olan. O qadın ki, əsrlərlə susduğu zaman dünya zülmətə boğulurdu. Dinmədikcə qadın , zülmü artırdı zalımın. Şəninə təriflər deyilən, gözəlliyinə şeirlər qoşulan qadın. Sevdası dastan olan, şəfqəti dillərə düşən, ömür yoldaşının sirdaşı, dərd ortağı qadın.

Qadın elə bir məxluqdur ki, bütün bəşəriyyət onunla işıq da saçar, zülmətə də bürünə bilər. Odur ki, H.Z.Tağıyev yaxşı demişdir ki, “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız, bir qıza təhsil verməklə isə, təhsilli bir ailə.”

Qadın zərif qəhrəmandır, öz ömür salnaməsinin güclü, zərif qəhrəmanı. Mənim üçün qadın deyiləndə dünyadakı ən gözəl qadın modeli canlanır təsəvvürümdə - Şərq qadını. Şərq qadını dedikdə isə gözümün önündə ilk olaraq incəliyi, zərifliyi, nəcibliyi, mərdliyi, məğrurluğu tərənnüm edən Azərbaycan xanımı canlanır. Son yüz ildə vətənimizin görkəmli, ziyalı, güclü, uğurlu qadınlarının sayı çoxalmışdır. Bu da təsadüfi deyildir ki, tam yüz il bundan əvvəl- 1918-ci ildə Azərbaycan Şərqdə ilk dəfə olaraq qadına bərabərhüquqluluq, seçmək və seçilmək hüququ verdi. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, rəssam, müəllim, alim, bəstəkardır. Millətimizin bu nəcib xanımları son yüz ildə bir sıra mühüm nailiyyətlərə imza atmışlar. 1923 –cü ildə ilk nömrəsi Bakıda işıq üzü görən “Şərq Qadını” jurnalının ilk redaktoru Ayna Sultanova, redaksiya heyətinin üzvləri Azərbaycanın ilk publisist qadını Şəfiqə Əfəndizadə, Gülarə Qədirbəyova, görkəmli maarif xadimi Mədinə Qiyasbəyli olmuşdur. Jurnal 1938-ci ilin fevralından indiyədək “Azərbaycan Qadını” adı ilə nəşr olunur. Ceyran Bayramovanın təşəbbüsü ilə ərsəyə gətirilmiş ilk qadın klubu da bu dövrdə qadınların cəmiyyətdəki mövqeyinə müsbət təsir göstərdi. “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görən Mədinə Gülgün də bu dövrün işıqlı qadınlarındandır. Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilmişdir. 1944-1974-cü illərdə kafedra müdiri, dosent kimi fəaliyyət göstərən professor Əzizə Cəfərzadə isə ədəbiyyatımıza neçə-neçə tarixi romanlar, əsərlər bəxş edib. Təkcə Azərbaycanın deyil, eyni zamanda Şərqin ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova, ilk xanım hərbi təyyarəçimiz Züleyxa Seyidməmmədova, biologiya sahəsində ilk qadın akademik Validə Tutayuq, ilk qadın baş redaktor olan Xədicə Əlibəyova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, ilk xanım balerina Qəmər Almaszadə, ilk xanım nazir Tahirə Tahirova, ilk xanım qrossmeyster Aynur Sofoyeva, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk qadın kinorejissor Qəmər Salamzadə, “Ayna Sultanova” heykəlinin müəllifi olan ilk qadın heykəltaraşımız isə Münəvvər Rzayeva olmuşdur.

Azərbaycan qadınının qəhrəmanlıq xatirələri tarixdə şərəfli səhifələr açmış, böyük ədiblərin qələmində səslənmiş, dillərdə dastan olmuşdur.

Qadın! Ey sevgili həmşirə, oyan!

Ana! Ey nazlı qadın, qalx! Uyuyan...

Şair və yazıçılarımız, həmçinin əsərlərində qadınları ön plana çəkmiş, onların maariflənməsində əllərindən gələni əsirgəməmişlər.

Fəzlü-ürfanla mücəhhəz olaraq

Cəhli yıx, qəfləti yax, əczi burax!

Kimsədən gözləmə yardım əsla;

Yalnız kəndinə kəndin ağla!

“Şükriyyə, taleyim şükür Xudaya...” – bu misra ilə sizə Ə.Cavad şəxsiyyətinin parlaq tərəfi olan Şükriyyə xanımdan söz açmaq istərdim. Ailəsini və yaxınlarını sonradan uğrunda çox cəfalar çəkdiyi, lakin həyatının heç bir anında onu tərk etməyi ağlına belə gətirməyən, ona sadiq qalan Şükriyyə xanım sevərək ailə qurur onunla. Türk-acar gözəli Şükriyyə xanım şairin ilham mənbəyi idi. Ömrünün axırına kimi ona etibarlı ömür-gün yoldaşı, sədaqətli ər olan şair də xanımını tükənməz məhəbbətlə sevirmiş. Məhz elə bu sevgidir ki, “Şükriyyənamə”ni indi də dillər əzbəri etmişdir.

Şükriyyə, taleyim şükür Xudaya,

Gördüyüm doğrumu, yoxsa bir röya?

Dolub ürəyimə bu dadlı xülya,

Yaşaya bilmərəm bir kərəm sənsiz!..

Əlbəttə ki, ağır, məşəqqətli yolları da olur ömrün. 1937-ci ildə Ə.Cavad həbs olunandan sonra Şükriyyə xanımı da həbslə hədələyib ərindən boşanaraq atasının soyadına keçməyi tələb etmişdilər. O isə cavabında: “Bəlkə də, Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq.” – deyir. Şükriyyə xanım da həbs olunur. Soyuq Qazaxıstan çöllərinə doğru yol alan qatarda Şükriyyədən başqa Ceyran Bayramova da vardı. Stansiya hərbçilərinə “bəxşiş” kimi verilən qadınlardan sonra növbə Ceyran xanıma çatanda Şükriyyə onun söykəndiyi yeşiyin arxasından ayağını çəkir. Ceyran xanım qatar relsinin üstünə yıxılır. Ağız-burnu qanasa da, rus zabitlərinin o məşum otağından xilas olur. Növbəti günlərdə Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan çıxırdı:

- Özünü zabitlərin o məşum otağından necə qoruyursan? Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki? Mənə de.

Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyərək deyir:

- Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur.

- Necə dözürsən? Altı gündür...Mən acam, yemək istəyirəm, su istəyirəm. Dözə bilmirəm. Mənə də yol göstər, ləyaqətimi qoruyum.

Şükriyyə yaxasında gizlətdiyi kiçik sancağı çıxardı:

- Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib hamı yatandan sonra soruram...

Ömrünün 8 ilini beləcə əzab-əziyyətlə keçirən beş övlad anası Şükriyyə xanım heç zaman ərinə sədaqətini pozmadı. Bax budur bir xanımın həyat hekayəsi, budur şərəf və ləyaqətini qorumağı bacaran ana. Və məhz bu anaların övladları vətənin şərəf və ləyaqətini, namusunu qoruyacaqlar.

Bütün qadınlar zərif incidirlər. İncini qorumaq isə sədəfin vəzifəsidir. Kübar, incə, xeyirxah, şəfqət, mərhəmət abidəsi qadındır və ondan öyrənəcək zərafəti bəşəriyyət.

Qadın gülərsə, xoşbəxt olacaq insanlar. Qadın xoşbəxt olarsa, sevinəcək uşaqlar.

Qadın gülərsə, şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək! (H.Cavid)

Sonaxanım Əzizova

Qeyd edək ki, bu məqalə, "Ladyland" qadın mərkəzi və "Sonuncu Əsr" dərgisinin xanımlar arasında "Əsrin qadını" mövzusu üzrə keçirilən esse müsabiqəsində 1-ci yerə layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top