"Faiz"dən ən çox pul qazanan ölkələrin SİYAHISI

Xəbər verdiyimiz kimi, Azərbaycanda uçot faiz dərəcəsi Mərkəzi Bankın 12 fevral 2018-ci il tarixli qərarı ilə 15%-dən 13%-ə endirilib. Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bankın bu qərarından sonra Azərbaycan uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkələrin sıralamasında 13-cü sıradan 21-ci sıraya yüksəlib. Açıqlanan son məlumatlar göstərir ki, Azərbayacan uçot faiz dərəcəsinin ən yüksək olduğu 21-ci ölkə hesab olunur.

Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (13%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 13 min manat ödəməli olacaq.

Dünyanın müxtəlif ölkələrindəki uçot faiz dərəcələrinə baxdığımız zaman açıq şəkildə görünür ki, inkişaf etmiş Qərb ölkələrdə faiz dərəcələri sıfıra bərabərdir. Hazırda Avropa Birliyinə daxil olan ölkələrin böyük əksəriyyətində - Almaniya, Fransa, İtaliya, İspaniya, Latva, Litva, Kipr, Hollandiya, Lüksemburq və digər ölkələrdə uçot faiz dərəcəsi sıfıra bərabərdir. Hətta Yaponiya, İsveç, Danimarka, İsveçra kimi ölkələrdə mənfi uçot faiz dərəcəsi tətbiq edilir. Məsələn, İsveçrada uçot faiz dərəcəsi - 0,75% təşkil edir.

Bəzi ölkələrdə isə uçot faiz dərəcələri olduqca aşağıdır. Uçot faiz dərəcəsi İsraildə 0,1%, Norveç və Böyük Britaniyada 0,5%, Sinqapurda isə 0,75% təşkil edir.

Maraqlı məqamlardan biri də odur ki, uçot faiz dərəcələri "faiz"i haram hesab edən müsəlmanların yaşadığı islam coğrafiyasında yerləşən ölkələrdə daha yüksəkdir. Uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkələrin arasında İran (faiz dərəcəsi 18%), Misir (17,7%), Yəmən (15%), Əfqanıstan (15%), Tacikistan (14,7%), Özbəkistan (14%), Sudan (13,5%), Azərbaycan (13%), Livan (10%), Qazaxıstan (9,75%), Türkiyə (8%) və digər ölkələr yer alır.

DİGƏR XƏBƏRLƏR

Top