Hərbi qulluqçunu döyənlərin cəzası nədir?

Bir vaxtlar ordumuzda "dedovşina" halları geniş yayılmışdı. Övladını hərbi xidmətə göndərənlərin bir narahatlığı da bu mövzuda idi. Hətta tez-tez bununla bağlı sosial şəbəkələrdə videolar da yayılırdı. Ancaq sevindirici haldır ki, son illər bu hallar aradan qalxıb. Yeni Müdafiə naziri Zakir Fərəcovun orduya həssas münasibəti "dedovşina" hallarının aradan qalxmasına gətirib çıxarıb. Bəs qanunvericilikdə bu hallarla bağlı hansı nəzərdə tutulur? Yeniavaz.com saytı qanunlarımızda bununla bağlı nəzərdə tutulan cəzaları təqdim edir.

Hərbi qulluqçunu döymə...

Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi 6 ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi 1 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Sağlamlığına zərər vurmaqla hərbidən boyun qaçırma

Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi - 1 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya 2 ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Döyüş meydanında silah işlətməkdən boyun qaçırma

Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırma 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb olduqda 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Hərbi vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərmə

Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə, zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə 2 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya 2 ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, silah tətbiq etməklə törədildikdə, sağlamlığa ağır və ya az ağır zərər vurulmaqla törədildikdə, habelə digər ağır nəticələrə səbəb olduqda 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Rəisə qarşı zorakı hərəkətlər etmə

Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına yüngül zərər vurma və ya onu döymə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə, silah tətbiq etməklə törədildikdə, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə, habelə digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası verilir. Bu əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əmri icra etməmə

Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda 2 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ağır nəticələrə səbəb olduqda 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

DİGƏR XƏBƏRLƏR

Top