Regionda qanunun aliliyinin ən pis təmin olunduğu ölkə Türkiyə hesab olunur

Dünyada qanunun aliliyinin ən yüksək səviyyədə qorunduğu ölkə Danimarka hesab olunur. Yeniavaz.com "Ümumdünya Ədliyyə Layihəsi" ("The World Justice Project" - WJP) təşkilatı tərəfindən açıqlanan "Qanunun aliliyi indeksi - 2017" adlı hesabata istinadən bildirir ki, hüququn üstünlüyünün ən yaxşı şəkildə təmin olunduğu ölkələrin ilk onluğunda əsasən Avropa ölkələri qərarlaşıb. Danimarkadan sonra bu sahədə ən yaxşı vəziyyət Norveç, Finlandiya, İsveç, Hollandiya, Almaniya, Yeni Zelandiya, Avstriya, Kanada, Avstraliya və Böyük Britaniyada qeydə alınıb.

Hüququn aliliyi prinsipinin ən pis səviyyədə olduğu ölkələrin sıralamasında isə ilk yerlərdə Venesuela, Kamboca, Əfqanıstan, Misir, Kamerun, Zimbabve, Efiopiya, Boliviya və Pakistan qərarlaşıb.

Azərbaycanın yer almadığı hesabatda region ölkələri arasında ən pis vəziyyət Türkiyədə qeydə alınıb. Türkiyə 113 ölkənin yer aldığı hesabatda 101-ci sırada qərarlaşıb. Region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda müşahidə olunub - 38-ci yer. Bunlardan başqa Qazaxıstan 64-cü, Belarus 65-ci, Ukrayna 77-ci, Moldova 78-ci, İran 80-ci, Qırğızıstan 82-ci, Rusiya 89-cu, Özbəkistan isə 91-ci sırada yer alıb.

Qeyd edək ki, təşkliat "Qanunun aliliyi indeksi - 2017" adlı hesabatı hazırlayarkən ölkədə hakimiyyət orqanlarının səlahiyyətlərinin nə qədər məhdudlaşdırılmasına, korrupsiyanın səviyyəsinə, təhlükəsizliyə, əsas hüquqların qorunmasına, güc strukturlarının şəffaflığına, qanunların icrasına, mülki və cinayət hadisələri ilə bağlı aparılan məhkəmə proseslərində ədalətin necə təmin olunmasına diqqət edib.

DİGƏR XƏBƏRLƏR

Top