"Binamızın idarəetməsi bir qrup tərəfindən zəbt edilib, dekabrdan suyumuzu kəsiblər"

Yeni tikililərdən mənzil alan daha bir vətəndaş üzləşdiyi problemlə əlaqədar şikayətçidir. Yeniavaz.com saytı xəbər verir ki, Mehtiyev İlham Rəşid oğlu yaşadığı binanın idarəetməsinin bir qrup tərəfindən zəbt edildiyini bildirib. O, bununla bağlı Daxili işlər naziri Ramil Usubova və ictimaiyyətə müraciət ünvanlayıb: "Cənab Nazir, Mən Mehtiyev İlham Rəşid oğlu dəfələrlə DİN-ə mənə qarşı cinayət xarakterli əməlin olduğuna dair ərizə ilə müraciət etmişəm. Şikayətin aidiyyatı üzrə Yasamal rayon 28-ci Polis Bölməsi göndərilib. Şikayətimin əsası ondan ibarətdir ki, yaşadığım mənzilin (binanın) idarə etməsi bir qrup şəxs tərəfindən özbaşına zəbt edilib, sakinlərdən hər ay üçün məcburi şəkildə özləri tərəfindən müəyyən edilmiş məbləğdə pul tələb olunur, pulu ödəməkdən imtina edən sakilərə qarşı zorakılığ tətbiq olunur, qanunsuz olaraq su təhçizatı dayandırılır və digər bu kimi qanunsuz hərəkətlər törədilir. Özlərini vəzifəli şəxs qismində təqdim edən Anar Hacıyev və Nadir Allahverdiyev adlı şəxslər qanunsuz olaraq məndən pul tələb edirlər, imtina etdikdə 2017-ci ilin dekabr ayının 5-dən yaşadığım mənzilin su təchizatını dayandırıblar və indiyədək bərpa olunmayıb və mən mənzilimdən istifadə hüququndan məhrum edilmişəm. "Azərsu" ASC-nin su təchizatının qanunsuz kəsilməsı ilə bağlı müvafiq aktı mövcuddur. Qeyd edilənlənlə bağlı "Azərsu" ASÇ su təchizatının bərpasına çalışmış, lakin "Gilan" MMC-nin özlərini vəzifəli şəxs kimi təqdim edən şəxslər, həmin sahəyə dəmir qapı qoyaraq "Azərsu" ASC-nin əməkdaşlarını oraya daxil olmasına imkan verməyib. "Azərsu" ASC bununla bağlı DİN-ə müraciət edib və həmin məhdudiyyəti aradan qaldırmaq üçün 28-ci Polis Bölməsinin əməkdaşı, sahə müvəkkili olan Rüstəm Əliyev adlı polis mayoru cəlb edilib".

Şikayətçi iddia edir ki, işə cəlb olunmuş polis mayoru adıçəkilən şəxslərdən "Azərsu" ASC-nin fəaliyyətini məhdudlaşdırmasına və qanunsuz kəsilmiş suyun bərpasını əmr edib, lakin onlar onun əmrini heçə sayıblar: "Buna baxmayaraq polis mayoru açıq-aydın qanun pozuntusuna göz yumub və hər hansı bir qanuni tətbir görməyib. Bundan əlavə polis əməkdaşı "Azərsu" ASC tərəfindən tərtib edilmiş aktı imzalayaraq, öz üzərinə qanunla qoyulmuş vəzifə öhdəliyindən boyun qaçırdığını bir daha təsdiqləyib. Polis əməkdaşı qanun pozuntusunun olduğunu təsdiqləyir, ancaq qanuni tədbir görməkdən imtina edir. Mənzil Məcəlləsinin 5.3-cü maddəsi kommunal xidmətlərdən istifadə etmək hüququnun məhdudlaşdırılmasını qadağan edir. Hüquq pozuntusu var, polis qanuni olaraq "Azərsu" ASC-nin fəaliyyətini məhdudlaşdıran şəxslərə su təchizatını bərpa etməsini əmr edir, lakin onlar əmrə tabe olmurlar, bütün bunlara baxamayaraq, polis qanuni əmrinin irca etməkdən boyun qaçıran şəxslərə qarşı hər hansı bir tədbir görmür. Səbəbi bəlli deyil".

İlham Mehtiyev qeyd edir ki, Yasamal Rayon 28-ci Polis Bölməsi cinayət xarakterli əməlin olduğuna dair ərizəni araşdırmaqdan imtina edir, faktiki cinayət tərkibli əməllərin olmasına baxmayaraq, araşdırmanı aparmır. Cinayət xarakterli əməlin olduğuna dair ərizəyə adi məktubla cavab yazılır: "Hazırki vəziyyətdə idarə etmə zəbt olunub, qeyd edilmiş şəxslər seçilmədən özbaşına idarə olunmaqla yanaşı, özlərini vəzifəli şəxs kimi təqdim edərək, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, mənim hüquqlarımı pozublar, təzyiqlər edirlər, özbaşına qəralar qəbul edərək onların icrasını tələb edirlər və yuxarıda qeyd etdiyim kimi suyumu kəsiblər. Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, ümumi istifadədə olan sahə sakinlərin ümümi əmlakıdır və onun idarə olunması onlara məxsusdur. Qanunvericilin tələbilə ilə bağlı qeyd etməliyik ki, Mənzil Məcəlləsinin tələbinə əsasən, ümumu mülkiyyətlə olan sahənin idarə edilməsində səlahiyyətli və ya vəzifəli şəxs ancaq ümumi yığıncaqda seçilmiş mülkiyyətçi ola bilər. Lakin hazırki vəziyyətdə özbaşına özünü vəzifəli şəxs kimi qələmə verən Nadir Abdullayev və Anar Hacıyev Cinayət Məcəlləsini və digər qanunları ciddi şəkildə pozublar".

"Cənab nazir, sizdən xahiş edirəm ki, qeyd edilmiş faklara hüquqi qiymət verilməsi və hadisənin araşdırmasına müvafiq göstəriş verəsiniz və pozulan hüquqlarımın bərpasını təmin edəsiniz",-deyə İlham Mehtiyev məktubunda bildirib.

Mövzu ilə bağlı qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

DİGƏR XƏBƏRLƏR

Top