Hansı azərbaycanlı məşhurlar yazıb-oxuya bilmirlər?

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanda 9-11-ci sinif şagirdləri arasında üzündən oxuya bilməyənlərin olması barədə artıq bir neçə ildir həyəcan təbili çalır. DİM rəhbəri Məleykə Abbaszadənin sözlərinə görə, onlar yazı da yaza bilmirlər: "Əslində vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və 11-ci sinifə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır".

Qeyd edək ki, Azərbaycanda üzündən oxuya bilməyənlər arasında məşhurlar və onların yaxınları da var. Yeniavaz.com saytı elə öz açıqlamalarına istinadən onlar barədə məlumatları təqdim edir.

Bir müddət öncə MTN işi ilə bağlı keçirilən məhkəmədə "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı ifadəsində oxuya bilmədiyini bildirib. Prosesdə tanınmış iş adamı "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov şahid qismində dindirilib. Məhkəmə ifadəsində "Şərurlu İsfəndiyar" qeyd edib ki, orta məktəbi oxumayıb: "Nə yaza bilirəm, nə də oxuya bilirəm. İstintaqda vəkilimlə getmişdim. Müstəntiqə də dedim ki, nə uyğundu, məsləhətdi, onu da yazın. Sonra vəkilimlə məsləhətləşib müstəntiq ora yazdı. Yazılanlardan xəbərsizəm. İfadəmi təsdiqləmirəm. Akif Çovdarov və digərləri ilə heç bir tanışlığım yoxdur".

Maraqlıdır ki, üzündən oxuya bilmədiyini bildirən "Şərurlu İsfəndiyar" Azərbaycanın ən tanınmış tikinti şirkətlərindən birinin rəhbəridir və indiyədək çoxlu sayda hündürmərtəbəli binalar tikib. Həmin binalarda minlərlə ailə yaşayır. Üzündən oxuya bilməyən bir insan sənədlərə necə qol çəkib, yazı-pozu işlərinə necə nəzarət edib?

Azərbaycanın tanınmış, sevilən müğənnisi Bahar Lətifqızı da müsahibələrindən birində üzündən oxuya, yazı yaza bilmədiyini deyib. Amma Bahar xanımın həyat yolu o qədər ağır olub ki, buna görə onu qınamaq qətiyyən doğru olmazdı. Çünki Bahar xanımın yazıb-oxuya bilməməsi onun uşaq evində böyüməsi ilə bağlıdır: "Anam atamdan boşanıb. Yenə də atam qızı olduğuna görə, bizi yalnız buraxmamalı idi. İcazə verməməli idi ki, onun qızı internatda yaşasın. Qardaşımla uşaq evindən çıxandan sonra anamın yaşadığı evə getdik. Evə getmək istəmirdim. İnsan harda yaşayırsa, ora öyrəşir. Doqquz il internatda yaşamışam, Mila ana yanımda olub. 15 yaşımda uşaq evindən çıxdım. Çünki qardaşım Arifin 17 yaşı tamam oldu və oradan çıxanda məni tək qoymadı. Yazıb-oxuya bilmirdim. İlk vaxtlar buna görə narahat olmurdum, amma sonra gördüm ki, bu məndə çətinlik yaradır. İndi hazırda bu işlə məşğul oluram, demək olar ki, tam öyrənməkdəyəm. İstəyirəm yazıb-oxuma problemim qalmasın".

Müğənni Nadir Qafarzadə efirlərin birində latın əlifbasını bilmədiyini deyib. Verilişdə ona verilmiş mətni oxumaqda çətinlik çəkdiyini bildirən Nadir Qafarzadə deyib ki, Azərbaycan əlifbasını və yazmağı bilmir.

Maraqlıdır ki, həmin verilişdə tanınmış aktyor Fərda Xudaverdiyev də Nadirə dəstək verib və latın əlifbasını yeni öyrəndiyini vurğulayıb.

Əməkdar artist Yusif Mustafayev isə özü oxuya və yaza bilir, ancaq həyat yoldaşı yox. Verilişlərdən birində qonaq olan müğənni deyib ki, həyat yoldaşı hərf yaza bilmir: "35 ildir ki, evliyəm, öz kəndimizdən qohumumla ailə qurmuşam. Həyat yoldaşım adi "j" hərfini yaza bilmir. Həyat yoldaşım 6-cı sinifədək təhsil alıb və onun təhsilli olmamasından heç bir narahatlıq keçirmirəm".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top