Vergilər Nazirliyində qeyri-rəsmi qayda hökm sürürmüş - Mikayıl Cabbarovdan YENİLİK

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddətinin isə 40 saatdan artıq müəyyən edilməsinə yol verilmir.

Amma Azərbaycanda qüvvədə olan qeyri-rəsmi qaydalarla əksər nazirliklərdə iş saatları şefin işdən getməsindən sonra bitir. Yəni əgər hansısa quruma rəhbərlik edən nazir nazirliyin binasını qeyri-iş saatında, lap axşam saat 22:00-da tərk edirsə, digər içilər də həmin saatdan sonra binanı tərk etməlidirlər.
Elə Vergilər Nazirliyində də bu qeyri-rəsmi qayda hökm sürürmüş. Mikayıl Cababrovun bu nazirliyin rəhbərliyinə təyinat almasından sonra isə iş müddətindən artıq işləməyə son qoyulub.

Nazirlikdəki mənbədən verilən məlumata görə, Fazil Məmmədovun vaxtında yaradılmış “ənənənə”ni artıq Mikayıl Cabbarov dəyişib. Axşam saatlarında nazirliyin yaxınlığından keçənlər də şahid idi ki, hətta gecə saat 10-11-ə qədər binada işıqlar yanırdı. İndi isə vəziyyət tam şəkildə dəyişib. İşçilərin iş saatı saat 09:00-dan 18:00-dək davam edir. Kimsə onları qeyri-iş saatlarında işləməyə məcbur etmir.

Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bildirilir ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.modern.az

DİGƏR XƏBƏRLƏR

Top