Kimlərin borcu silinəcək? - Nazirlikdən açıqlama

"Yeni qanun layihəsində son 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam silinməsi nəzərdə tutulur". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yeniavaz.com-a verilən məlumata görə bunu qurumun şöbə müdiri Elman Babayev bildirib. Onun sözlərinə görə, hazırlanan yeni "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında" qanun layihəsi də sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir: "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında" qanun layihəsi də əlverişli sığorta mühitinin yaradılmasına, fərdi uçot sistemində nəzərə alınmayan, məhkəmə qərarlarının olmasına baxmayaraq hazırkı tarixədək əsasən obyektiv səbəblərdən ödənilməyən məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsinə xidmət edir. Layihədə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub. Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə də gözlənilən məqsədə kifayət qədər nail olunmayıb".

Şöbə müdiri vurğulayıb ki, hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib: "Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir. Qanunun layihəsinin digər müddəası sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının tam məbləğdə silinməsini nəzərdə tutur. Hesabat məlumatlarına görə sığortaedənlərin 01.01.2018-ci il tarixə 81,8 milyon manat ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları mövcuddur ki, bunun da 67,4 faizi və ya 55,1 milyon manat 01.01.2015-ci il tarixə yaranıb. Qanun layihəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların da tənzimlənməsi əksini tapır. Hesabat məlumatlarına görə sığortaedənlərin 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borclarının məbləği 26,7 milyon manat təşkil edir".

E. Babayev vurğulayıb ki, ümumilikdə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur: "Onu da qeyd edək ki, pensiya təminatında sığortaolunanlara fərdi hesabların 01.01.2006-cı il tarixdən açıldığını, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotunun aparıldığını və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyini nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqlarının əsas məbləğinin silinməsi vətəndaşların pensiya hüquqlarına mənfi təsir etməyəcək. Nəticə etibarilə, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək. Bu isə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə imkan verəcək, belə borcları gələcəkdə yaratmamağa sövq edəcəkdir. Eyni zamanda, bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaq".

DİGƏR XƏBƏRLƏR

Top