"Azəriqaz" rəsmisi: "Əlimdə qaz itkiləri ilə bağlı məlumat yoxdur"

Ötən il ölkədə 22 milyard kub metr əmtəəlik təbii qaz ehtiyatları olub, ehtiyatların 3,5 faizi (770 milyon kub metr) itkiyə gedib. Bu barədə bugünlərdə Yeniavaz.com saytı Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Əməkdaşımızın Komitənin məlumatlarına əsasən apardığı hesablama göstərir ki, 770 milyon kubmetr təbii qaz itkiyə gedib: "İtkiyə gedən qazın dəyərini mövcüd pərəkanda satış qiyməti ilə - 20 qəpikdən hesablasaq, məlum olacaq ki, ötən il 154 milyon manatlıq qaz itkiyə gedib".

Yeniavaz.com saytı itkilərlə, onun səbəbləri ilə bağlı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən mövqe öyrənməyə çalışıb. Qəribədir ki, Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bu barədə məlumatının olmadığını bildirib: "Bu haranın məlumatıdır? "Azəriqaz" barədə verilib həmin itki, yoxsa ümumi? Bununla bağlı məndə elə bir məlumat yoxdur. Yəqin ki, "Azəriqaz"la bağlılığı yoxdur bunun. Xəbərim yoxdur bu barədə".

İbrahim Kərbalayevin sözlərinə görə, qaz itkisinin qarşısının alınması məqsədi ilə gündəlik olaraq iş aparılır: "Azəriqaz" İstehsalat Birliyi respublika ərazisində qazın paylanması, nəqli ilə məşğuldur. "Azəriqaz" tərəfindən mütəmadi olaraq qaz şəbəkəsinin yenilənməsi, korroziya olan hissələrin dəyişdirilməsi gündəlik işdir. "Azəriqaz"ın nə qədər qaz itkisinin olması barədə hazırda məndə məlumat yoxdur. Bunu öyrənmək istəyirsinizsə, rəsmi olaraq "Azəriqaz"a sorğu göndərin, sizə müvafiq şöbə tərəfindən araşdırılıb məlumat verilsin".

Qurum rəsmisinin sözlərinə görə, yeraltı qaz xətlərinin yerüstülərlə əvəzlənməsi işləri davam edir: "Hazırda da yeraltı və yerüstü qaz xətləri mövcuddur. Amma gündəlik olaraq işlər aparılır, belə deyək, təhlükə yaradan hissələr dəyişdirilir. Bütün bu işlər itkinin də qarşısının alınmasına zəmin yaradır".

DİGƏR XƏBƏRLƏR

Top