Azərbaycanda maşın kanala düşdü: baş müstəntiq suda boğuldu

Bakıdan Qazax istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil Ağdaş rayonunun Ləki kəndi ərazisində su kanalına düşüb. Yeniavaz.com xəbər verir ki, Naxçıvan şəhər sakini Oruc Hümmətzadənin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı "Yenicə" adlı su kanalına düşüb. Dövlət Yol Polisi əməkdaşları sürücünün maşınında olan 1999-cu il təvəllüdlü həyat yoldaşı Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladı Hümmətzadə Selcan Oruc qızını sudan çıxararaq xəstəxanaya aparıblar. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır. Sürücü Oruc Hümmətzadə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Kanala düşən avtomobil hadisə yerinə cəlb olunan qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb.

Qeyd edək ki, ölən şəxs Tovuz Rayon Prokurorluğunun baş müstəntiqidir.

Faktla bağlı araşdırma aparılır.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top