ABŞ-da seçkilərə müdaxilə işi çərçivəsində 13 rusiyalıya ittiham irəli sürüldü

ABŞ hakimiyyəti 2016-cı il seçkiqabağı prezidentlik yarışının gedişinə və Amerikanın siyasi proseslərinə müdaxilə etmək cəhdlərinə görə Rusiyanın 13 vətəndaşına və 3 təşkilatına qarşı rəsmi ittiham irəli sürüb. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, 37 səhifədən ibarət ittiham xülasəsini xüsusi prokuror Robert Müllerin aparatı hazırlayıb. R. Müller Moskvanın keçmiş seçkilərə təsiri iddialarını və ABŞ Prezidenti Donald Trampın qərargahı ilə mümkün sövdələşməsini araşdırır. ABŞ-a qarşı sövdələşmədə ittiham edilənlər arasında “İnternet araşdırmalar agentliyi”nin 12 əməkdaşı var. Siyahıya Mixail Bıstrov, Mixail Burçik, Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda, Robert Bovda, Ceyhun Aslanov, Vadim Podkopayev, Qleb Vasilçenko, İrina Kaverzina və Vladimir Venkor daxil edilib. İttiham xülasəsində qeyd edilir ki, “İnternet araşdırmalar agentliyi” 2014-cü ildən başlayaraq ABŞ-da seçkilərə və siyasi proseslərə müdaxilə üzrə əməliyyatlarda iştirak edib. Bundan başqa, R. Müller rusiyalı sahibkar Yevgeni Priqojinə “İnternet araşdırmalar agentliyi” tərəfindən aparılan antiamerika informasiya əməliyyatlarını maliyyələşdirməkdə ittiham olunur. Xüsusi prokurorun komandası əmindir ki, “İnternet araşdırmalar agentliyi”nin strateji məqsədi, o cümlədən 2016-cı il prezident seçkilərində ABŞ-ın siyasi sistemində fikir ayrılığı salmaq olub. ABŞ ədliyyə naziri və baş prokurorun birinci müavini Rod Rozenstayn deyib ki, Vaşinqton Amerika seçkilərinə müdaxilə etmək cəhdlərində ittiham olunan rusiyalıları ABŞ-a ekstradisiya etmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top