Ötən il açılan 132 min yeni iş yerindən 69 mini boş qalıb

2017-ci il ərzində ölkədə 281,4 min yeni, o cümlədən 179,3 min daimi iş yerləri açılıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, bu dövrdə açılan iş yerlərinin 61 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 24,4 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 74,7 faizi regionların, o cümlədən 34,1 faizi Aran, 10,2 faizi Gəncə-Qazax, 10,1 faizi Lənkəran, 5,4 faizi Abşeron, 5,3 faizi Yuxarı Qarabağ, 3,4 faizi Şəki-Zaqatala, 3 faizi Quba-Xaçmaz, 2,9 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 10,3 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 14,3 faizi mövcud müəssisə və təşkilatlarda, 1,2 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 74,2 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradıllb.

Hüquqi şəxslər tərəfindən yaradılan daimi iş yerlərinin 22,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 21,3 faizi tikinti, 10,7 faizi emal sənayesi, 7,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 4,2 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 14 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2017-ci il ərzində ölkədə 47,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Ötən il ərzində açılan yeni iş yerlərinin sayının 179,3 min, bağlanan iş yerlərinin sayının 47,6 min olduğunu nəzərə alsaq o zaman ölkə ərazisindəki mövcud iş yerlərinin sayının 131,7 min artığını görə söyləyə bilərik. Lakin, Dövlət Statistika Komitəsindən açıqlanan digər bir xəbərdə göstərilir ki, ötən il ərzində ölkədə məşğul əhalinin, yəni işləyən insanların sayı 62,4 min nəfər artaraq 4 milyon 755,9 min nəfərdən 4 milyon 822,3 min nəfərə çatıb. Buradan belə nəticəyə gəlmək olar ki, ötən il ərzində açılan 131,7 min daimi iş yerinin 52,6%-i və ya 69,3 mini boş qalıb.

DİGƏR XƏBƏRLƏR

Top