Yanvarda adambaşına 86 qəpiklik bitkiçilik məhsulu istehsal olunub

Bu ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 288,8 milyon manat təşkil edib ki, onun da 280,3 milyon manatı heyvandarlıq, 8,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, adambaşına düşən heyvandarlıq məhsulunun dəyəri 28,3 manat, bitkiçilik məhsullarının dəyəri 86 qəpik olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 4,3 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 33,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,6 faiz artıb.

Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 39,4 min ton ət, 151,1 min ton süd, 168,6 milyon ədəd yumurta istehsal edilib, 2017-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı isə 16 faiz artıb.

Cari il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 8,7 min baş iribuynuzlu mal-qara, 21,5 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 1,2 min baş iribuynuzlu mal-qara, 6,8 min baş qoyun və keçi satılıb. 2017-ci ildə 138,4 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb.

İlkin məlumatlara görə, cari ildə 991,2 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilibdir ki, bunun da 666,1 min hektarı (67,2 faizi) buğda, 324,8 min hektarı (32,7 faizi) arpa və 0,3 min hektarı (0,1 faizi) çovdar təşkil edib.

Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 9,5 min ton tərəvəz toplanıb.

2017-ci ilin ilkin məlumatlarına əsasən, kənd təsərrüfatı müəssisələrində çalışan işçilərin orta aylıq nominal əmək haqqı 264,6 manat olub və 2016-cı illə müqayisədə 3,1 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top