Mikrodalğalı sobalarda isidilən yeməklər xəstəliklərə səbəb olurmu?

Bir boşqab xörəyi 30 saniyə ərzində fırlada-fırlada isidən mikrodalğalı sobanı ilk dəfə görənlərin çoxu təəccübünü gizlədə bilmir. Lakin bir çox evlər var ki, bu məişət texnikası hələ də ora daxil ola bilmir. Bunun da səbəbi bu texnikanın insan sağlamlığı üçün təhlükəli olması barədə iddalardır. Mikrodalğalı sobalarda hazırlanan ləziz yeməklər də bu gerçəyi dəyişdirə bilmir.

Məlumat üçün bildirək ki, mikrodalğalı sobanın ixtiraçısı amerikalı mühəndis Spenserdir. 1945-ci ildə Spenser öz ixtirasından qida hazırlanmasında istifadə üçün patent alıb. ABŞ-da ilk dəfə 1949-cu ildə mikrodalğalı sobaların istehsalına başlanıb.

Müasir dövrdə də mikrodalğalı sobaların ən çox ABŞ-da istifadə edildiyi bildirilir.

Xarici KİV-in araşdırmasında isə mikrodalğalı sobaların sağlamlığa zərərli və kanserogen ola biləcəyi vurğulanır. Buna baxmayaraq, mikrodalğalı sobaları sevən, hər gün ondan istifadə edən milyonlarla ailə var.

30 saniyə içərisində yeməyi qızdırmağı bacaran bu məişət texnikasının xərçəngə səbəb ola biləcəyi iddia olunur. Bəs həqiqətən mikrodalğalı sobalar xərçəngə səbəb ola bilərmi?

Bu məsələdə 2 fərqli münasibət var. Bildirilir ki, mikro dalğalar isidilən məhsulların qida dəyərini azaldır, vitaminlərin tərkibini dəyişdirir.

Plastik qabları mikrodalğalı sobalara qoymaq olmaz. İddialara görə, plastik qabların tərkibində olan zərərli maddələr istiliyin təsirindən qidaları təhlükəli hala gətirir.

İsveçrədə aparılan kiliniki bir araşdırmaya qatılan və mikrodalğalı sobada isidilmiş-bişmiş süd məhsulları, tərəvəzləri yeyən insanların qan-damar sistemində və ürək döyüntülərində dəyişikliklər əmələ gəldiyi müşahidə olunub.

İngiltərəfəki Xərçəng Araşdırmaları Mərkəzi isə mikrodalğalı sobaların xərçəngə səbəb olması iddialarını qəti şəkildə təkzib edir. Mərkəzin ekspertlərinin fikrincə, əsas olan bu cihazların istifadə təlimatlarına əməl etməkdir. Mərkəz insanları bu sobalardan da təhlükəli şəkildə radiasiyaya məruz qoyan cihazlar olduğunu vurğulayır. Söhbət mobil telefonların, kompüterlərin "Wi-Fi"nin təsirindən gedir.

Tibb elmləri doktoru, onkoloq-alim Adil Qeybulla Yeniavaz.com saytına açıqlamasında məsələyə belə münasibət bildirdi: "Mikrodalğalı sobaların neqativ təsirləri haqqında söhbətlər çoxdur. Amma ona qalsa, genetik modifikasiya olunmuş meyvələr, qidalar, mobil telefonlarla bağlı da müxtəlif məlumatlar yayılır. Bunlar yüksəktezlikli radio şüalarıdır, ionlaşdırıcı deyil, amma radioşüalardır. Onların da orqanizmə təsiri ilə bağlı hələlik ortada birmənalı rəy yoxdur. Yalnız və yalnız ayrı-ayrı şəxslərin rəyləri var. Bu da ümumi hüquqi qüvvə daşımır. Mikrodalğalı sobalar bu gün istifadə olunur və istehsaldan yığışdırılmayıb. Bir məhsulun istehsaldan yığışdırılması o halda baş verir ki, ortada Ümumdünya Səhiyyə Təşkilatının rəyi olur. Hazırda isə belə bir rəy yoxdur".

Adil Qeybulla sosial şəbəkələrdə bu mövzuda tez-tez aparılan müzakirə və kampaniyalara da münasibət bildirib: "Sosial şəbəkələrdə gedən informasiyanın hüquqi qüvvəsi yoxdur. Məsələ bundan ibarətdir ki, əgər bununla bağlı konkret olaraq elmi cəhətdən əsaslandırılmış rəy varsa, onu müvafiq orqanlar qoyurlar ortaya və bu cür avadanlıqlar istehsaldan yığışdırılır. Sosial şəbəkələrdə gündəmə gətirilən rəylər adətən konkret bir təşkilatın rəyi olmur. Bir daha qeyd edirəm, hazırda mikrodalğalı sobaların təhlükəsi, xərçəngə səbəb olması barədə Ümumdünya Səhiyyət Təşkilatının da rəyi mövcud deyil. Ona görə də məncə, mikrodalğdalı sobaların təhlükəli olması barədə fikirlərin əsası yoxdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top