"Vəkil olmaq istəyənlər göstərdikləri zəif nəticə ilə dırnaqarası ilkə imza atdılar"

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək - 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb, 1266 nəfər isə kənarda qalıb. Ən yüksək nəticə 90 bal olub. Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov Yeniavaz.com saytının suallarını cavablandırıb.

- Kamran müəllim, sosial şəbəkədə bildirmisiniz ki, Vəkillər Kollegiyasına üzvlük imtahanında yüksək nəticə göstərə bilməyənlər arasında Prezident təqaüdü alan, hətta universiteti fərqlənmə diplomu ilə bitirənlər də var. Əlinizdə əsas varmı bununla bağlı?

- Bəli. Bildiyiniz kimi, hüquq fakültəsinə qəbul üzrə keçid balı digərləri ilə müqayisədə yüksəkdir. Məsələn, 2017-ci ilin qəbul imtahanlarında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında bu fakültəyə keçid balı 632 olub. Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinə ödənişli əsaslarla qəbul üzrə keçid balı isə 580 bal idi. Ən aşağı bal formalaşmışdı Naxçıvan Dövlət Universitetində - 480. Bu da qiyabi təhsil üzrə idi.

Hüquq fakültəsi 3-cü qrup üzrə birinci hesab olunur. Ona görə də bu fakültəyə qəbul olanların yüksək bal topladıqları şübhəsizdir.

- Yəqin ki, zəif nəticə göstərənlər arasında bir neçə ay öncəyədək, yəni nümayəndəlik institutlarına məhdudiyyət qoyulanadək vəkillik fəaliyyəti göstərən şəxslər də var...

- Əlbəttə, bir neçə ay əvvəl məhkəmələrdə nümayəndəliklər var idi və həmin şəxslərin bir çoxu orada vəkil kimi iştirak edirdilər. Yəni Vəkillər Kollegiyasına üzv qəbul olmaq istəyənlər arasında uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olanlar da var idi. Potensial vəkillərin özləri də bu imtahanlarda iştirak ediblər və aşağı nəticə göstəriblər. Nəticə ortadadır, onlar öz ixtisasları və gələcək fəaliyyətləri üzrə minimum biliklərə malik deyillər.

- Onların imtahana hazırlaşmaq üçün test tapşırığı nümunələri əldə etmək imkanları olubmu?

- Dövlət İmtahan Mərkəzi onlarla bağlı proqramları, test tapşırığı nümunələrinin hamısını çap edib vermişdi.

- Bəs sualların çətin olması ehtimalı?

- Bu imtahanda iştirak ödənişli idi. Nəzərə alsaq ki, böyük məbləğ ödəyib imtahanda iştirak etmişdilər, hazırlıqlı olmaq lazım idi. Azərbaycanda indiyədək keçirilən heç bir imtahanda uğur qazananlarla qazanmayanların nəticə fərqi 50 faizi keçməmişdi. Ancaq Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanında cəmi 607 nəfər müsabiqə şərtini ödəyib, 1266 nəfər isə yox. Yəni lazımi bal toplaya bilməyənlərin sayı müsbət nəticə göstərənlərdən 2 dəfə çoxdur. Belə götürsək, 30 faiz müsabiqə şərtini ödəyib, 70 faiz isə yox. Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanıb ki, onların arasında yüksək bal toplayanlar var. Bununla bağlı Dövlət İmtahan Mərkəzinin saytında rəsmi məlumatlarla tanış ola bilərsiniz.

- Vəkillər Kollegiyasına üzvlüklə bağlı vəziyyət uzun müddət idi sosial şəbəkələrdə müzakirə olunurdu. Belə təəssürat yaranırdı ki, qəbul olmaq istəyənlər çoxdur.

- Nümayəndəliklərin ləğvindən sonra Azərbaycanda vəkil kimi fəaliyyət göstərənlərin sayının artırılmasında Vəkillər Kollegiyası maraqlı idi. Bilirsiniz, o halda çətin suallar salınır ki, plan yerlərinin sayı məhdud olur. Amma Vəkillər Kollegiyasında hər hansı bir plan yeri məhdudiyyəti olmadığı üçün hətta imtahanda iştirak edən 1700 nəfərin hamısı uğur qazana bilərdi. Ölkə başçısının da birbaşa marağındadır. Bilirsiniz ki, Azərbaycan Avropa Birliyi Konvensiyasının üzvüdür və belə deyək, öhdəlik qoyulub ki, vəkillərin sayı artırılsın. Bu isə imtahan yolu ilə həyata keçirilir. Yəni siz imtahan verirsiniz və Vəkillər Kollegiyasının üzv olursunuz. Ona görə də sualların ağırlıq dərəcəsi barədə bir daha deyərdim ki, çətin sual yoxdur, bilmədiyin sual sənin üçün çətindir. Ona görə də heç də imtahan nəticələrinin aşağı olmasını imtahan suallarının çətin olması ilə əlaqələndirmək olmaz.

- Zəif nəticə göstərənlərlə bağlı yəqin ki, Təhsil Nazirliyi də münasibət bildirəcək.

- Əslində hamımızın unutduğumuz bir məsələ var. "Təhsil haqqında" Qanunda göstərilib ki, ali təhsil müəssisələri istehsalata kadr buraxıbsa, müəyyən imtahan və müsabiqələr nəticəsində Təhsil Nazirliyi həmin kadrın əmək bazarının tələblərinə uyğun olaraq hazırlanmadığına əmin olarsa, universitetə yenidən sorğu göndərməklə həmin şəxsin yenidən hazırlığını həyata keçirə bilər. "Təhsil haqqında" Qanunda göstərilib ki, universitetlər, ali və orta ixtisas, peşə təhsili həyata keçirən müəssisələr əmək bazarının tələblərinə uyğun kadr hazırlamalıdırlar.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanını həyata keçirib və hətta orada nəticələr də buradakı qədər aşağı deyil. Orada uğur qazananlarla qazanmayanlar arasındakı fərq 48 faiz idi. Yəni 52 faiz uğursuz nəticə göstərmişdi, qalanlar isə yaxşı.

Bir daha qeyd edirəm, yüksək təhsil qurumunun - Azərbaycanda bunu Təhsil Nazirliyi həyata keçirir - səlahiyyəti var ki, bu qədər şəxsin yenidən universitetə hazırlığını həyata keçirsin. Təhsil Nazirliyinin belə bir səlahiyyəti var.

- Sosial şəbəkədə bu məsələyə münasibət bildirərkən "test bilik göstəricisi deyil" bildirmisiniz.

- Bəli, mənim fikrimcə, test bilik göstəricisi deyil. Qəbul imtahanında istifadə olunan test modellərində kiminsə maksimum nəticə göstərməsi onun maksimum bilik əldə eləməsi demək deyil. Kimsə yüksək yaddaşa malikdir, testi və faktları əzbərləməklə yüksək nəticə əldə edə bilər, yaxud tələb olunan minimum şərtləri ödəyə bilər. Ancaq yenə deyirəm, test sadəcə seçim üsuludur. Müsabiqədən iştirak edən yüzlərlə insanın birinin digərindən yaddaş, sürət, dəqiqlik kimi bacarıqları ilə yanaşı, biliyini işə yarayır və nəticə etibarı ilə imtahandan keçir. Amma yaxşı olardı ki, qəbul imtahanlarından - test imtahanından sonra müəyyənləşdirilsin ki, onun orada oxumaq bacarığı varmı? Kimsə müəllimliyə qəbul olub, amma müəllim olmaq istəmir. Yaxud kimsə tibbə qəbul olub, qan görəndə qorxur. Test bilik göstəricisi deyil, test sadəcə seçim üsuludur.

- Amma hüquq fakültələrində tədris səviyyəsini də unutmaq olmaz. Həmin fakültələrdə tədris səviyyəsi sizi qane edirmi?

- Azərbaycanın ali təhsil müəssisələrində artıq islahatların vaxtıdır. Biz uzun illərdir ki, ali məktəblərə qəbul imtahanına qədərki mərhələyə qədər islahat aparırıq, amma ali məktəblərlə bağlı hansısa islahat aparılmır, işlər görülmür, hesab edirəm ki, ən ciddi məsələ ali məktəblərin tədris proqramlarının yenidən işlənməsidir.

DİGƏR XƏBƏRLƏR

Top