"30 ildir səhnədəyəm, heç bir ad verilməyib" - Fəxri adsız qalanlar, SİYAHI

Bir neçə il öncə Səməd Səmədovun xalq artisti, Elza Seyidcahanın əməkdar artist adı alması saytlarda ən çox oxunan xəbərlərdən olmuşdu...

Lakin uzun illərdir incəsənət aləmində olan, tanınan insanlar da var ki, hətta özləri gileylənsələr belə, fəxri ad almayıblar.

"Yeniavaz.com" saytı həmin şəxslərin siyahısını hazırlayıb.

Tanınmış müğənni Səyyad Əlizadə 30 ildən çoxdur ki, incəsənət aləmindədir. Müğənni qalmaqallardan uzaq, alicənab bir ifaçı kimi tanınır. Ad almamasına gəlincə, müğənni bir müddət öncə bunları bildirib: "Məncə, fəxri ad verilməsi şansla bağlıdır. 30 ildir səhnədəyəm, lakin mənə heç bir ad verilməyib. Tez fəxri ad alanlar buna layiq deyillər, heç olmasa, 20 il sənətdə fəaliyyət göstərməlisən ki, ad alasan. Fəxri ad alanları təbrik edirəm, almayanlara qismət olsun. Mən paxıl insan deyiləm".

İfaları ilə çoxlarının sevimlisi olan Akif İslamzadə də uzun illərdir incəsənət aləmindədir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Lakin sonradan səsi tutulub. Bu günə qədər fəxri ad almayıb.

Azərbaycanda Əli Mirəliyevi tanımayan demək olar ki, yoxdur. Əli Mirəliyev 1949-cu ildə Bakıda anadan olub. 1972-ci ildən "Dan ulduzu" ansamblının, Səid Rüstəmov adına orkestrin, Dövlət Mahnı Rəqs Ansamblının solisti olub. Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Tükəzban İsmayılova, İslam Rzayev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Rəşid Behbudov, Xan əmi, Müslüm Maqomayev kimi sənətkarlarla çalışdığı bildirilir. Lakin sonradan səhnədən uzaq düşən Əli Mirəliyev qalmaqallı açıqlamaları, sərt tənqidləri ilə gündəmə gəlib. Əli Mirəliyev bu günədək fəxri ad almayıb.

Müğənni Qədir Qızılsəs (Məmmədov) neçə illərdir efirdə az-az görünür. Oxuduğu lirik mahnılarla tanınan Qədir Qızılsəs bu günədək fəxri ada layiq görülməyib.

Qeyd edək ki, Qədir Qızılsəs 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. 1977-ci ildə Bakıya gəlib. 1979-80-ci illərdə tanınmağa başlayıb.

Müğənni Elşad Qarayev uzun illərdir incəsənət aləmindədir. O, oğlu Rəvan Qarayevlə oxuduğu duetlə də tanınır. Sovet dövründə incəsənət xadimləri ilə çoxlu sayda qastrollarda olan müğənni indi həm də seriallarda çəkilir. Müğənni bu günədək fəxri ada layiq görülməyib.

Tacir Şahmalıoğlu ifa etdiyi muğamlarla çoxlarının sevgisini qazanıb. El şənliklərində, efirlərdə tez-tez görünən müğənniyə bu günədək fəxri ad verilməyib.

Bəstəkar müğənni Cabbar Musayev də uzun illərdir incəsənət aləmindədir. Bir çox müğənnilərlə duet ifa edən Cabbar Musayevin də pərəstişkarları çoxdur.

Ona fəxri ad verilməməsi ilə bağlı suala belə cavab verib: "Müğənnilər var ki, qırx ildir sənətdədir, hələ də ad almayıb. Ad almaq bu sənətlə bağlı deyil. Əvvəl SSRİ-nin dövründə "Əməkdar artist", "Xalq artisti" adlarını əməksevər müğənnilərə, xalq içində ad alanlara verirdilər. Mən şəxsən can atmıram ad almağa. Fəxri ad almaq elə-belə şeydir. Ad almaq üçün birinci növbədə xahiş lazımdır. Yüksək təbəqədə, yuxarıda oturanlar var ki, bu işlə məşğuldur. Fəxri ad almaq üçün yuxarılara "xod" tapmaq lazımdır. Gərək kimsə səni tapşırsın ki, sənə də ad versinlər. Düzdür, elə bir insan tanıyıram ki, bir manat pulu yoxdur, amma ad veriblər. "Durna teli" ansamblı yaranan gündən bir çox qastrollarda, cəbhə bölgələrində çıxışımız olub. Hər bir gözəl mahnım mənim üçün karyeradır. Kimsə mənə ad verəcəksə, kiməsə gedib ağız aça bilmərəm. Vaxt olacaq, bu adlar da heç kimə lazım olmayacaq. Əsas xalq sevirsə, məclislərində görmək istəyirsə, mənim üçün bəsdir. Müğənniyə xalqın sevgisi lazımdır".

Xanım müğənnilər arasında da bu günədək fəxri ad ala bilməyənlər var. Elit Star Cəmilə kimi tanınan müğənnini, Bəsti Bəkirovanı buna misal göstərmək olar.

Sonda qeyd edək ki, sevilən aktyor və aktrisalar arasında da fəxri ad almayanlar var. Bir vaxtlar komik rolların mahir ifaçısı kimi tanınan Ofeliya Aslan da belələrindəndir. 47 illik səhnə fəaliyyətinə baxmayaraq, aktrisaya heç bir fəxri ad verilməyib.

Ofeliya Aslan görkəmli teatr və kino xadimi Azərbaycan SSR xalq artisti Rza Əfqanlının qızı və görkəmli teatr, kino xadimi sevilən sənətkar Xalq artisti Səyavuş Aslanın həyat yoldaşı olub. 2010-cu il mayında 71 yaşında ürək çatışmazlığından vəfat edib.

"Ögey ana", "Fəryad" filmindən yaxşı tanıdığımız Ceyhun Mirzəyevə də fəxri ad verilməyib. C. Mirzəyevə rejissoru və baş rol ifaçısı olduğu "Fəryad" filminin çəkilişləri zamanı qarşı sui-qəsd hazırlanıb, baş tutmayıb. Sənətkar 1993-cü ilin 5 mart tarixində ürək tutmasından vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top