Azərbaycandan çıxarılmasının qarşısı alınan 28 milyonun aqibəti necə olacaq?

Xəbər verildiyi kimi, bu gün İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi" yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12" markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib.

Qeyd edək ki, gömrükdə istər yerli, istərsədə xarici vətəndaşlarla bağlı belə hallar tez-tez baş verir. Gömrük nəzarətinə bəyan edilməyən həmin vəsaitlər müsadirə olunur. Bəs həmin vəsaitlərin aqibəti necə olur? Həmin pulların sahiblərinə qaytarılması mümkündürmü?

İqtisadçı Nazim Bəydəmirli "Yeniavaz.com" saytına açıqlamasında bildirib ki, Azərbaycana valyuta gətirilməsində qanunvericilik baxımından hər hansı məhdudiyyət yoxdur: "Yəni bir şəxs Azərbaycana istədiyi məbləğdə xaricdən pul gətirə bilər. Lakin ölkəmizdən pul çıxarılarkən qanunvericilik başqa şey tələb edir. Sübutun olmalıdır ki, sən bu pulu ölkəyə gətirmisən və çıxarmaq istəyirsən. Məqsəd budur. Sahibkarların bəziləri məlumatlandırılmır. Əslində gömrük işçisi belə şəxslərə bildirməlidir ki, əgər siz bu pulu Azərbaycanda xərcləyəcəksinizsə, bunda bir problem yoxdur, bəyan etməyə bilərsiniz. Yox əgər bu vəsaiti başqa bir ölkəyə çıxaracaqsınızsa, onda bəyan etmək məcburidir. Ölkəyə istəyirsən 1 milyon gətir, sadəcə bəyan edirsən ki, mənim üstümdə filan məbləğdə nağd valyuta var. Əgər həmin şəxsi ölkədən çıxarkən saxlayıblarsa, sübut etməlidir ki, mən bu vəsaiti İrandan gətirmişəm...

Əslində həmin şəxs pulunu qoya bilərdi karta və lazım olan yerdə çıxara bilərdi. Üzr istəyirəm, belələrini "bədbəxt" adlandırmaqdan başqa söz tapmırsan. Alverçi təfəkkürü ilə işləyənlər var.

Həmin pullar müsadirə olunmuş pul kimi təbii ki, dövlət hesabına keçəcək. Gömrük Komitəsinin cərimələr və sanksiyalar bölməsi var. Ora daxil edəcəklər və ondan bu qurumun əməkdaşlarının əməkhaqqına əlavə hesablanacaq. Qalan hissəsi isə dövlət büdcəsinə gedəcək. Vəsaitin gömrük nəzarətinə bəyan edilməməsi gömrük qanunvericiliyinin pozulmasıdır, bu halda pul olsun, mal olsun - dövlətin nəfinə müsadirə edilir".

Sonda qeyd edək ki, gömrük qanunvericiliyində prosedur belədir: "10000 dollaradək vəsaiti bəyan etmədən xaricə aparmaq olar. 10 min dollardan 50 min dollara qədər olan məbləğ bankdan arayış gətirməklə gömrük məntəqsindən keçirilə bilər. Həmin vəsaitlərin - bəyan olunmuş məbləğin 1%-i rüsum olaraq ödənməlidir. Əgər nizamnamədə göstərilən məbləğdən çox pul bəyan edilmədən gömrük məntəqəsindən keçirilirsə, pullar müsadirə edilir və dövlətin hesabına keçirilir, geri qayatrılmır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top