Azərbaycanın cinayət qanunu ölkədən kənarda törədilən cinayətlərə görə qüvvədədirmi?

Azərbaycanın cinayət qanununun ölkədən kənarda törədilən cinayətlərə görə qüvvədə olub-olmaması məsələsi yəqin ki, hər kəsə maraqlıdır. Bəzi soydaşlarımızda belə bir fikir var ki, ölkədən kənarda istədikləri əməli edə, istədikləri cür davrana bilərlər. Bir çox hallarda onların bu düşüncə ilə törətdikləri əməl başlarına bəla olur. "Yeniavaz.com" saytı xəbər verir ki, bu məsələ Azərbaycan Cinayət Məcəlləsində öz əksini tapıb.

Qeyd olunur ki, Azərbaycan vətəndaşları və burada daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycandan kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

O da vurğulanır ki, Azərbaycan vətəndaşları və burada daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycandan kənarda törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Həmin şəxslər Azərbaycan vətəndaşlarına, Azərbaycanın maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb olunmaları mümkündür.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılırlar.

Həmin şəxslərə Azərbaycanın məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.

DİGƏR XƏBƏRLƏR

Top