Azərbaycan mart ayında MAŞIN İSTEHSALINA başlayacaq

Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri olan “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodu ("AzKron" şirkəti) mart ayından istehsala başlayacaq.

Bu barədə “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov məlumat verib. O bildirib ki, zavodda artıq son avadanlıqlar quraşdırılır. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Bu avtomobillər əsasən yerli bazarda satışa çıxarılacaq. Xarici ölkə bazarlarına çıxış imkanları da araşdırılır. Bu istiqamətdə bir neçə ölkə, o cümlədən Rusiya ilə danışıqlar aparılır.

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulduğunu deyən Emin Axundov qeyd edib ki, “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır.

Qeyd edək ki, müasir texnologiyalar əsasında qurulan “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodunda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.

Azərbaycan Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin açılışı 2017-ci il sentyabrın 24-də olub. Azertac

DİGƏR XƏBƏRLƏR

Top