Uşaqları avtomobillərdə tək saxlamaq olarmı?

Əksər hallarda küçə kənarlarında park edilmiş avtomobillərdə uşaqların tək qalması halları ilə rastlaşırıq. Hər hansı iş səbəbi ilə uşağını avtomobildə nəzarətsiz qoyan və qısa müddətdə dönəcəyini söyləyən valideyn elə həmin zaman kəsiyində bu riski üzündən övladının başına gələ biləcək bədbəxt hadisə ehtimalları barədə düşünmür. Uşaqlar üçün real təhlükənin baş verməsinə zəmin yaradan belə hallar valideyn məsuliyyətsizliyinin bir nümunəsidir.

Rusiyada belə halların qarşısını almaq üçün avtomobil salonlarında 7 yaşadək uşaqların tək saxlanılmasına qadağa qoyulub. Bununla bağlı ölkə qanunvericliyinə edilmiş dəyişikliyin məqsədi uşaqların təhlükəsizliyini təmin etmək və valideynlərin məsuliyyətini artırmaqdır.

Yeri gəlmişkən qeyd edək ki, ötən il Türkiyədə maşında tək qalan 2 uşaq dünyasını dəyişib. Hadisələrin hər ikisi birbaşa valideynlərin məsuliyyətsizliyi səbəbindən olmasa da, böyüklərin məsuliyyətsizliyi, diqqətsizliyi səbəbindən baş verib. Belə ki,Türkiyənin İzmir şəhərində 3 yaşlı uşaq məktəbəqədər müəssisənin maşınında yaddan çıxaraq qalıb və nəticədə uşaq havasızlıqdan dünyasını dəyişib. Digər oxşar hadisə isə Türkiyənin Şanlıurfa adlanan bölgəsində baş verib. Böyüklərin nəzarətindən yayınan 4 yaşlı uşaq əmisinin avtomobilinə girərək burada yatıb və sonda havasızlıqdan dünyasını dəyişib.

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, xoşbəxtlikdən Azərbaycanda indiyədək avtomobildə tək qalan uşaqların başına hər hansı bədbəxt hadisə gəlməyib. Bununla belə, uşaqların avtomobildə tək saxlanılmasını çox təhlükəli sayan deputat uşaqların nəinki maşınlarda, eləcə də bütün yerlərdə nəzarətsiz qoyulmasını düzgün saymayıb: "Uşaq tək qaldıqda özü qapını açaraq hara isə gedə bilər. Digər tərəfdən, valideynlər isti günlərdə kondisioneri işlədə-işlədə qoyub gedirlər. Bu da uşağın zəhərlənməsi baxımından çox təhlükəlidir. Bütün bunları nəzərə almaqla demək olar ki, uşağı yalnız avtomobildə deyil, ümumiyyətlə, bütün yerlərdə nəzarətsiz qoymaq olmaz”.

M.Quliyev əlavə edib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı məsələlər qanunvericlikdə öz əksini tapıb.

Onun sözlərinə görə, Azərbaycanda qanunvericilikdə uşağın nəzarətsiz qalmasına görə cərimə sanksiyasının olması alqışlanan haldır.

Deputat bu fikirdədir ki, bu, həm uşağı qorumaq üçün atılan, həm də valideynin məsuliyyətini artıran bir maddədir.

Ekspert Ərşad Hüseynov bildirib ki, hazırda Azərbaycan qanunvericiliyində avtomobillərin salonlarında uşaqların tək saxlanılması ilə bağlı qadağa yoxdur. Trend

DİGƏR XƏBƏRLƏR

Top